İslam hakimiyyətində din və ibadət azadlığı

Hz. Muhəmmədin (səv) dövründən başlayaraq İslam torpaqlarında həmişə din azadlığı hakim olmuşdur. Yəhudilərin və xristianların inancları, ibadətləri, kilsələri, sinaqoqları, dini təhsil verən məktəbləri müsəlmanların himayəsi altına alınmışdır. Sinaqoq və kilsələrin qorunacağına dair zəmanətlər Peyğəmbərimizin (səv) dövründən başlayaraq kitab əhli ilə bağlanan müqavilələrdə əhəmiyyətli yer tutan hökmlərdir. İlk dövrlərdəki sazişlərdə müsəlmanların səfər zamanı yol üstündə olan monastırlarda qalmasına  izn verilməsinə dair maddələr var. Bu da müsəlmanların kitab əhli ilə əlaqələrini qarşılıqlı hörmətlə inkişaf etdirməyə, onlarla dostluq əlaqələri qurmağa diqqət göstərdiklərinə bir işarədir. Buna əsaslanaraq, bir çox müsəlmanın istər yerləşmək, istərsə də yemək ehtiyaclarını ödəmək üçün səfər zamanı və ya fəth əsnasında monastırları ziyarət etdikləri, hətta bəzən ədəbi söhbətlər üçün həmin yerləri seçdikləri tarixi qaynaqlarda öz əksini tapır.


Kitab əhli də çox vaxt müsəlmanların bu yanaşmasına müsbət cavab vermişdir. Suriya xristianlarının Əbu Ubeydəyə təqdim etdiyi və tarixə “Ömər aktı” kimi düşən sənəddəki ifadələr diqqət çəkəndir:


Gecə və ya gündüz kilsələrimizi müsəlmanlardan əsirgəməyəcəyik, onların qapılarını yolçulara və yolda qalanlara açacağıq... Müsəlman yolçunu ənənəvi üsulumuzla qəbul edəcəyik və onları bəsləyəcəyik. Müsəlmanları incitməyəcəyik və hər kim bir müsəlmanı incitsə, öz haqlarını cəza olaraq itirəcək.


Quranda bildirilən “...Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, içərisində Allah’ın adı çox zikr olunan monastırlar, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi...” (Həcc surəsi, 40) ayəsində də diqqət çəkildiyi kimi, müsəlmanlar üçün kitab əhlinin ibadətgahları Allah’ın adının xatırlandığı müqəddəs məkanlardır və bu məkanlar iman gətirənlər tərəfindən qorunmalıdır. Bu səbəbdən, başda Peyğəmbərimiz hz. Muhəmmədin (səv) dövrü də daxil olmaqla, dörd xəlifə dövrü və  sonrakı İslam idarələrində xristian və yəhudilərin müqəddəs məkanları qorunmuş, inananların məbədlərində istədikləri kimi ibadətlərini yerinə yetirməsi təmin edilmişdir. Məsələn, hz. Əbubəkr (əs) dövründə sülh yolu ilə fəth edilən Təbərriyə şəhərində yaşayan xristianlara kilsələrinə toxunulmayacağına dair zəmanət verildiyi tarixi sənədlərdə göstərilir. Eyni zamanda, Dəməşqin fəthi əsnasında bağlanan sazişdə kilsələrin dağıdılmayacağı və məskən edilməyəcəyi xüsusilə vurğulanmışdır. Hz. Ömərin (əs) Qüds xalqına verdiyi amannamədə də kitab əhlinin ibadətgahlarına toxunulmayacağı bildirilir.


Hz. Osman (əs) dövründə erməni şəhəri olan Dəbilin fəthi əsnasında şəhərdə yaşayan xristian, yəhudi və atəşpərəstlərə verilən amannamədə məbədlərin qorunacağına zəmanət verilmişdir.11 Bundan başqa, dağılan kilsələrin təmir edilməsinə, yeni sinaqoq və monastırların tikilməsinə də həmişə icazə verilmişdir. Məsələn, Mədain xaricində olan və Patriarx Mar Amme tərəfindən yandırılmış St. Sergius monastırı hz. Osman (əs) dövründə yenidən tikilmişdir. Misir qubernatoru Ükbənin nəsturilərin monastır tikmələrinə kömək etməsi, Müaviyə dövründə Urfa kilsəsinin təmir etdirilməsi, İsgəndəriyyədə Mark kilsəsinin tikdirilməsi kimi daha bir çox nümunə sayıla bilər. Hal-hazırda Fələstin, Suriya, İordaniya, Misir və İraq torpaqlarındakı kilsə və sinaqoqların hələ də varlığını qoruması müsəlmanların digər İlahi dinlərə olan hörmətinin göstəricisidir. Bu gün xristianların müqəddəs ziyarət yeri hesab etdikləri Tur dağındakı Sina monastırı və bu kilsənin yanındakı məscid müsəlmanların kitab əhlinin ibadətgahlarına göstərdiyi hörmətin bariz nümunəsidir.


Kitab əhli ənənələrinin və inanclarının bir qolu olan bayramlarını da müsəlman idarəsində istədikləri məbəddə, istədikləri kimi qeyd ediblər. Hətta bəzən müsəlman idarəçilər də bu bayramlarda iştirak ediblər. Patriarx III Nəsturinin yazdığı məktub müsəlman idarəçilərin kitab əhlinə olan mərhəmətinin və anlayışının gözəl nümunəsidir:


Ərəblər… bizə heç zülm etmədilər. Həqiqətən, onlar dinimizə, dindarlarımıza, kilsə və monastırlarımıza hörmət etdilər...


XII əsrin məşhur yəhudi səyyahlarından biri Tudelalı Benjamin isə müsəlman torpaqlarına ziyarət edərkən gördüyü hörmətə və birlikdə yaşamaq mədəniyyətinə qarşı heyranlığını gizlədə bilməmişdi. Belə bir anlayışa dövrün xristian avropasında rast gəlinmədiyini ifadə etmişdi. Müsəlman və yəhudilərin türbələrdə və müqəddəs məkanlarda bir yerdə dua etdiklərini ifadə edən Benjamin sinaqoqların yanında məscidlər tikildiyini və hər iki xalqın bir-birinin bayramlarını qeyd etdiklərini vurğulamışdı.

Bu tarixi məlumatlar açıq şəkildə göstərir ki, bəzi insanların təlqinlərinin əksinə, İslam sevgi dinidir. İslam idarəsi altında xristian və yəhudilər dilədikləri kimi yaşamış, din və vicdan azadlığının təmin etdiyi bütün imkanlardan faydalanmışlar.

Geri