Müsəlmanların terrora münasibəti necə olmalıdır?

Hər cür terrorist hücum İslam dinində şiddətlə lənətlənir. İslam dininə görə günahsız insanı öldürmək böyük günahdır və günahsız insanı öldürən şəxs axirət həyatında əzabla qarşılaşacaq:


...Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar. Elçilərimiz onlara aydın dəlillər gətirdilər. Onların çoxu isə bundan sonra da yer üzündə həddi aşdılar. (Maidə surəsi, 32)


Yuxarıdakı ayədən də göründüyü kimi, Quranda günahsız bir insanı öldürmək bütün insanları öldürməyə bərabər tutulur. Quranda insan həyatına verilən əhəmiyyət “Furqan” surəsində belə bildirilir:


Onlar Allah'la yanaşı başqa tanrıya yalvarmaz, Allah'ın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. (Furqan surəsi, 68)


Allah  başqa bir ayəsində insanlara bu şəkildə əmr edir:


De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum: Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq ucbatından uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Murdar əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allah'ın, (öldürülməsini) haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız. (Ənam surəsi, 151)


Allah'a səmimi qəlblə iman gətirən, Onun əmrlərini tətbiq edən və sonsuz axirət əzabından qorxan müsəlman, bir insana belə zərər verməz. Çünki Allah'ın sonsuz ədalət sahibi olduğunu və hər etdiyinin əvəzini mütləq alacağını bilir. Mübarək peyğəmbərimiz hz. Muhəmməd (səv) bir hədisində Allah'ın məmnun olmadığı insanları belə sadalamışdır:
Hərəm (müqəddəs bölgə) içində zülm və haqsızlıq edənlər, cahiliyyə adətini arzulayanlar və haqsız yerə insan qanı axıtmaq istəyənlər Allah'ın razı olmadığı insanlardır.

Bu mövzuda diqqət yetirilməli cəhət isə ibadət yerlərinə olan münasibətlərdir. Kilsələr, sinaqoqlar, məscidlər Allah'a ibadət edilən evlərdir. Günahsız insanların kilsələrdə, sinaqoqlarda, ya da məscidlərdə Allah'a ibadət edərkən öldürülmələri Allah qatında böyük günahdır. Ora gedən insanlar Allah'a dua edən, dindar insanlardır. Allah'ın adının xatırlandığı bütün evlər isə İslam dinində müqəddəsdir. Bu evlərin ziyarətçiləri yəhudi, xristian və ya müsəlman ola bilər. Lakin vacib olan onların hər birinin Allah'a iman gətirməsi və dindar olmasıdır. Müsəlman kitab əhlinin Allah'a ibadət etdiyi müqəddəs yerlərə hörmət etməli, bu məbədləri qorumalıdır. Bu yerlərin xristian və ya yəhudilərə aid olmasından asılı olmayaraq, orada Allah'ın adı xatırlandığı üçün müsəlmanlar üçün də qiymətlidir və bütün iman gətirənlər tərəfindən qorunmalıdır.

Geri