Gəlin bir olaq

Bura qədər izah etdiyimiz bütün həqiqətlər kitab əhli ilə müsəlmanların oxşar inanc və düşüncəyə sahib olduqlarını göstərir. Hər üç dinin mənsubları Allah'ın varlığına, birliyinə, bütün kainatı və canlıları Onun yaratdığına, insanların həyatlarını Allah'dan gələn vəhyə görə tənzimləməli olduğuna inanır. Tövrat və İncildə təhrif edilməmiş hissələrdəki əxlaq anlayışı ilə Quranda təsvir edilən əxlaq anlayışı və ideal cəmiyyət modeli də bir-birinə bənzəyir. Şübhəsiz, bu bənzərliklərlə yanaşı, bəzi inanc fərqlilikləri də vardır. Bu inanc fərqlilikləri tarixdə üç dinin mənsubları arasında mübahisə və hətta qarşıdurma səbəbi olmuşdur və hələ də davam edir. Ancaq dinsiz, ateist ideologiyaların mövcud olduğu bir dövrdə üç din arasındakı fərqliliklər deyil, bənzərliklər ön plana çıxarılmalıdır.


Fərqlilikləri ixtilaf mövzusuna çevirməməliyik. Televiziya xəbərlərində bəzən böyük bir zəlzələ və ya sel fəlakətindən sonra aparılan xilas işlərini izləyirik. Bu görüntülərdə ortaq cəhət diqqətimizi çəkir. Təbii fəlakətdən sonra müxtəlif ölkələrdən fərqli millətlərə və dinlərə mənsub insanlar səfərbər olur, heç bir fədakarlıqdan qaçmır, zərər görən insanları xilas etmək üçün əl-ələ verirlər. Hətta aralarında düşmənçilik olan ölkələr də belə çətin zamanlarda düşmənçiliyi bir kənara buraxırlar. Heç tərəddüd etmədən fəlakətdən sarsılan ölkənin köməyinə qaçırlar. Belə bir vəziyyətdə, dağıntı altında qalan və ya boğulmaq təhlükəsi olan insanlar təcili kömək gözləyərkən keçmişdən qaynaqlanan problemləri, müharibələri, çəkişmələri, mübahisələri, ön mühakimələri gündəmə gətirmək böyük vicdansızlıq olar. Bir də cəmiyyətlərin yaşadığı vəziyyəti gözümüzün önünə gətirək: ateizmi və materializmi qanuna çevirən ideologiyaların fəaliyyətləri, sosial degenerasiya, əxlaqi çöküntü, yoxsulluq, aclıq, artan pisliklər, dağılan ailələr, mənəvi boşluq içindəki insanlar, qeyri-qanuni hərəkətlər, cinayətlər, müharibələr, qarşıdurmalar, narahatlıqlar...


Şübhəsiz, bunlar və buna bənzər pisliklər cəmiyyətləri  sürətlə maddi və mənəvi dağıntıya sürükləyir. Digər tərəfdən, ateist-materialist, dağıdıcı fəlsəfələr insanların həm dünya, həm də axirət həyatı üçün təhdiddir.


İnanclı, səmimi, vicdanlı və sağlam düşüncəli xristian, yəhudi və müsəlmanlar pislərə qarşı köməkləşib ortaq fikri mübarizə aparmalı, birlikdə çalışmalıdırlar. Bu birlik sevgi, hörmət, şəfqət, mərhəmət, anlayış və əməkdaşlıq prinsipləri əsasında yaradılmalıdır. Vəziyyətin nə qədər təcili olduğunu diqqət mərkəzində saxlamalı, çəkişmə, mübahisə və ayrılığa gətirib çıxaran ünsürlərdən qaçmalıyıq.


Yəhudiliyin kitabı Əhdi-Ətiqə, xristianlığın əsası olan Əhdi-Cədidə və Qurani-kərimə baxanda qarşılıqlı əlaqələrdə ən gözəl söz və davranışların tövsiyə edildiyini görürük. Xristianların digər insanlara qarşı davranış üslubu İncildə belə izah edilir:


...Bir-birinizə və bütün insanlara həmişə yaxşılıq etməyə çalışın. (1 Saloniklilərə,  5: 15)


Heç kimə şər atmasınlar, davakar deyil, mülayim olsunlar və bütün insanlarla həlim davransınlar. (Titusa,  3: 2)


Tövratda isə yəhudilərin insanlara yaxşı davranması belə tövsiyə edilir:


Pislikdən yaxşılığa dönün ki, sağ qalasınız! Beləcə, iddia etdiyiniz kimi ordular Allah'ı Rəbb, həqiqətən, sizə yar olacaq. Pisliyə nifrət edin, yaxşılığı sevin... Ədalətə üstünlük verin. (Amos,  5: 14-15)


Quranda isə Rəbbimiz bir çox ayəsində gözəl əxlaqın, yaxşılığın, pisliyə yaxşılıqla cavab verməyin əhəmiyyətini bildirmiş, yəhudi və xristianlara qarşı müsəlmanların yaxşı niyyətlə və şəfqətlə yaxınlaşmasını buyurmuşdur. Quranda yəhudi və xristianların müşriklərdən (yəni bütpərəst və ya dinsizlərdən) müsəlmanlara daha yaxın olduğu açıq şəkildə ifadə edilir.


Kitab əhli Allah'ın vəhyinə əsaslanan əxlaqi meyarlara, haram və halal anlayışlarına malikdir. Bunun üçün kitab əhlindən olanların bişirdiyi  yemək müsəlmanlar üçün halal edilmişdir. Eyni şəkildə, müsəlman kişilərə kitab əhlindən qadınlarla evlənmə icazəsi verilmişdir. Bu mövzu ilə bağlı olaraq ayədə Allah belə buyurur:


Bu gün pak nemətlər sizə halal edildi. Kitab verilənlərin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır. İsmətli mömin qadınlar da, sizdən əvvəl kitab verilənlərin ismətli qadınları da, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə mehrlərini verdiyiniz təqdirdə sizə halaldır. İmanı inkar edənin əməlləri boşa çıxar və o, axirətdə ziyana uğrayanlardan olar. (Maidə surəsi, 5)


Bu hökmlər müsəlmanlarla kitab əhli arasında nikahın qurula biləcəyini, hər iki tərəfin bir-birinin yemək dəvətinə gedə biləcəyini göstərir ki, bunlar mehriban insani əlaqələr, dinc və ortaq həyat qurulmasını təmin edən əsaslardır. Quranda bu mülayim və mehriban düşüncə tövsiyə edilərkən müsəlmanların əksinə davranması doğru deyil.


Müsəlmanlar bu əsaslar üzərində yəhudi və xristianlara hörmət və nəzakətlə yaxınlaşmalı və onlara Quranın eyni kəlməyə çağırışını ən gözəl şəkildə çatdırmalıdır. Müsəlmanlarla kitab əhlinin ittifaqının sirri bu çağırışdadır:

De: “Ey kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allah'dan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allah'ı qoyub bir-birimizi ilahiləşdirməyək”... (Ali-İmran surəsi, 64)

  • Gəlin Allahın varlığını, yaradılışı izah etmək üçün birləşək
  • Davamı
  • Gəlin darvinizmə qarşı
    birləşək
  • Davamı
  • Sülh naminə
    birləşək
  • Davamı
Geri