İlahi dinlərdə ortaq inanc əsasları

İnsanlar “həyatımın mənası və məqsədi nədir; ölümdən sonra nə olacaq; Cənnət və Cəhənnəm necə yerdir; hər şey necə var olub, həyatın mənbəyi nədir, mən daxil olmaqla, bütün varlıqları yaradan üstün Yaradıcını necə tanıya bilərəm; uca Yaradıcının məndən istədiyi nədir; yaxşı, pis, doğru, yanlış nədir?” kimi sualların cavablarını əsrlərlə axtarmış və bu haqda düşünmüşlər. Mütəfəkkirlər bu mövzularda nəzəriyyələr yaratmış, müxtəlif fikirlər irəli sürmüşlər. Ancaq bu sualların cavabları mütəfəkkirlərin təlimlərində deyil, İlahi dinlərdə mövcuddur. Çünki insanın ağıl və məlumatı çox məhduddur. Yuxarıdakı sualların ən doğru cavabları Rəbbimizin endirdiyi haqq dinlərdədir.


Belə ki, Allah, müxtəlif dövrlərdə elçilər və kitablar göndərərək insanlara yol göstərmişdir. Beləliklə, ilk insan olan hz. Adəmdən (əs) etibarən insanlar Allah'ın varlığından və əmrlərindən xəbərdar edilmişlər, həyatla bağlı sualların ən doğru və hikmətli izahını haqq dinlərdə tapmışlar.
Burada əhəmiyyətli bir mövzunun üzərində dayanmaq lazımdır. Haqq dinlər göndərildikləri dövrlərin mühit və şərtlərinə görə fərqli hökmlərdə olsalar da, əsasən, eyni inanc və əxlaq modelini insanlara təqdim etmişlər. Hamısı Allah'ın varlığını, təkliyini, sifətlərini, insanın və bütün varlıqların yaradılış məqsədini, Allah'a necə qul olacağını, Allah'ın bəyəndiyi ideal rəftarı, davranış və həyat formasını, yaxşını-pisi, doğrunu-yanlışı, insanın dünyadakı həyatını necə tənzimləməsini, sonsuz həyatı üçün nə edəcəyini və bunun kimi mövzularda eyni həqiqətləri insanlara çatdırmışlar.


Hal-hazırda dünya əhalisinin böyük əksəriyyətini üç İlahi dinin mənsubları - yəhudilər, xristianlar və müsəlmanlar təşkil edir. Yəhudilərin müqəddəs kitabı “Əhdi-Ətiq” 39 kitabdan ibarətdir. Bunların beşinin hz. Musaya (əs) vəhy edilən Tövratın hissələri olduğu qəbul edilir. Digər kitablar isə Tövratdan sonra digər yəhudi peyğəmbərlərinə vəhy edilən və ya onların işlərini izah edən yazılardır. “Tövrat” sözünün Əhdi-Ətiqin hamısına aid edildiyi də məlumdur. Bu kitab ümumi qəbul edilmiş və bütün Əhdi-Ətiq kitabları “Tövrat” kimi xarakterizə edilmişdir. Əhdi-Cədid adlandırılan İncil isə xristianların müqəddəs kitabıdır və dörd İncil və məktublar hissələrindən ibarətdir. Yəhudilik və xristianlıq zaman ərzində bəzi dəyişikliklərə məruz qalsa da, burada haqq dinə aid bir çox inanc əsasının və əxlaqi dəyərin qorunduğu görünür. Üç İlahi dinin müqəddəs kitabları arasındakı ortaq inanc əsasları və əxlaqi dəyərlərin təsbit edilməsi üç dinin mənsublarının bir-birini daha yaxından tanımasına və bir-birinə daha çox yaxınlaşmasına vasitə olar. Beləliklə, Allah'a səmimi iman gətirənlərin ittifaqı üçün lazım olan mühit də meydana gələr.


İndiki zamanda bir çox xristianın və yəhudinin İslam haqqında və bir çox müsəlmanın da xristianlıq və yəhudilik haqqındakı düşüncələri şifahi məlumatlara əsaslanır. Ümumiyyətlə, bu məlumatlar ailə və yoldaşlardan, televizor və qəzet xəbərlərindən əldə edilən məlumatlardan ibarətdir. Ancaq bu qaynaqlar insanlara çox vaxt yanlış məlumatlar verir. Şübhəsiz, müraciət ediləcək qaynaqlar yəhudiliyin əsası olan Tövrat, xristianlığın əsası olan İncil və Rəbbimizin göndərdiyi son haqq kitab olan Quran olmalıdır. Sonrakı səhifələrdə Tövrat və İncildəki inanc əsasları ilə Allah'ın Quranda bizə bildirdiyi hökmlər və əmrlər ölçü götürülərək, xristianlıq, yəhudilik və İslamın ortaq inanc əsaslarından bəziləri araşdırılacaq. Bu ortaq inanc əsasları yer üzündəki fikri mübarizənin üç İlahi din arasında deyil, bu dinlərlə darvinist, materialist və ateist ideologiyalar arasında getdiyini göstərir.


Quran ayələrində, İncil və Tövratdakı hissələrdə ortaq inanc əsasları aşağıda verilmişdir.

Allah hər şeyi yaradandır
Ətrafımızda gördüklərimizi, bədənimizdəki hüceyrələrdən ucsuz-bucaqsız qalaktikalara qədər kainatdakı hər şeyi Allah yaratmışdır. Bütün aləmləri Rəbbimiz yoxdan var etmişdir. Kainatdakı qüsursuzluq, ecazkar sənət, möhtəşəm nizam və mükəmməllik Rəbbimizin yaratmasının dəlilləridir. Hər şeyi uca Allah'ın yaratdığı, bütün kainatı nümunəsiz, yoxdan var etdiyi, ona nizam verdiyi və hər şeyi müəyyən ölçü ilə təqdir etdiyi bəzi Quran ayələrində belə xəbər verilmişdir:


...Səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir. (Furqan surəsi, 2)


...Hər şeyi O xəlq etmişdir. O, hər şeyi bilir. Budur Allah – sizin Rəbbiniz. Ondan başqa ilah yoxdur. Hər şeyin Yaradıcısıdır! Elə isə Ona ibadət edin! O, hər şeyə vəkildir. (Ənam surəsi, 101-102)


Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da olar. (Bəqərə surəsi, 117)


Eyni həqiqət İncildə belə keçir:
… Yeri, göyü, dənizi və bunların içindəki hər şeyi yаradan var olan Allah'a tərəf gəlin. (Həvarilərin işləri, 14: 15)
Hər şeyə həyat verən Allah'ın  qarşısında sənə buyururam. (Paulun Timoteyə I məktubu, 6: 13)
...Göylərdə və yerdə olan, görünən və görünməyən hər şey – taxtlar, ağalar, başçılar, hakimlər Onda yarandı. Nə varsa, Onun vasitəsilə və Onun üçün yarandı. Hər şeydən əvvəl var olan Odur və hər şey Onda bərqərar olur. (Koloselilər, 1: 16-17)
Dünyanı və onda mövcud olan hər şeyi yaradan, yerin-göyün sahibi olan Allah... (Həvarilərin işləri, 17: 24)
Yoldaşları bunu eşidərkən hamısı bir nəfər kimi Allah'a müraciət etdilər: “Ey Pərvərdigarımız, yeri, göyü, dənizi və bunların içindəki hər şeyi yaradan Sənsən”. (Həvarilərin işləri, 4: 24)
Hər şeyi Allah'ın yaratdığı və Rəbbimizin bütün aləmləri yoxdan var etdiyi Tövratda belə bildirilir:
Odur göyləri, yeri, dənizi, dənizdəkiləri yaradan, Odur əbədi sadiq qalan. (Məzmurlar, 146: 6)
Başlanğıcda Allah göyləri və yeri yaratdı. (Yaradılış, 1: 1)

...Yalnız Sən Rəbsən, göyləri, göylərin ən uca qatlarını və bütün səma cisimlərini, yer üzünü və onun məxluqlarını, dənizləri və içindəki hər şeyi Sən yaratdın və hamısına həyat verdin. Səma cisimləri Sənə səcdə edir! (Nehemya, 9: 6)

 

Allah'dan başqa ilah yoxdur
Müsəlmanlar Allah'dan başqa İlah olmadığına iman gətirirlər. Hər şeyi yoxdan yaradan, ən gözəl şəkildə və qüsursuz var edən, böyük və üstün olan, hər şeyin batinindən və gizli tərəfindən xəbərdar olan, əzəli və əbədi olan, doğulmamış və doğmamış, hər cür əskiklikdən və nöqsanlardan münəzzəh, diri, hər şeyi bilən və hər şeyə qadir olan, şanı böyük olan, hökm edən, kərəmi bol olan, əsirgəyən və bağışlayan uca Allah'dır. Göylərdə və yerdə olanların hamısı Rəbbimiz Allah'a təslim olmuşdur və Onu təqdir edirlər. Allah Quranda Özündən başqa İlah olmadığını belə bildirmişdir:


O, Allah'dır. Ondan başqa ilah yoxdur. Dünyada da, Axirətdə də həmd Ona məxsusdur. Hökm Onundur və siz Ona qaytarılacaqsınız. (Qəsəs surəsi, 70)


Sizin İlahınız tək olan İlahdır. Ondan başqa ilah yoxdur, Rəhmandır, Rəhimdir. (Bəqərə surəsi 163)


Allah Özündən başqa tanrının olmadığına şahidlik etdi, mələklər və elm sahibləri də (şahidlik etdilər). (Allah əbədi olaraq) ədalətli olmaqdadır. Ondan başqa ilah yoxdur, qüdrətlidir, müdrikdir. (Ali-İmran surəsi, 18)


Tövratda da Allah'dan başqa İlah olmadığı bildirilir. Mövzu ilə əlaqədar bəzi Tövrat hissələrində belə bildirilir:
...Yer üzünün bütün xalqları bilsin: yalnız Rəbb Allah'dır, Ondan başqası yoxdur. (1. Padşahlar, 8: 60)
...Ordular Rəbbi belə deyir: “Mən birinciyəm, Mən sonuncuyam, Məndən başqa Allah yoxdur”. (Yeşaya, 44: 6)
Ey dünyanın bütün ucqar yerlərində yaşayanlar, Mənə tərəf gəlin və xilas olun! Çünki Mən Allah'am və başqası yoxdur! (Yeşaya, 45: 22)
İncildə də Allah'dan başqa İlah olmadığı, Allah'ın tək olduğu və inananların yalnız Allah'a qulluq etmələrinin vacib olduğu bildirilir:
...”Allah'ın Rəbbə sitayiş et və yalnız Ona qulluq et”, - deyə yazılmışdır. (Matta, 4: 10)
...Allah'ımız Rəbb yeganə Rəbdir. Allah'ın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün düşüncənlə və var gücünlə sev. (Mark, 12: 29-30)
…Sən həqiqəti söylədin. Allah yeganədir. Ondan başqası yoxdur. (Mark, 12: 32)
Əsrlərin Padşahı, ölməz, görünməz və bir olan Allah'a əbədi olaraq hörmət və izzət olsun! Amin. (1 Timoteyə, 1: 17)
Sən Allah'ın bir olduğuna inanırsansa, yaxşı edirsən. Cinlər də buna inanır və əsirlər! (Yaqub, 2: 19)
İsa cavab verdi: “Əmrlərin ən əsası budur: Dinlə, ey İsrail! Allah'ımız Rəbb yeganə Rəbdir. (Mark, 12: 29)
Allah hər şeyə qadirdir
İnsan əskiklikləri və qüsurları olan aciz varlıqdır. Zamandan və məkandan asılıdır və ancaq Rəbbimizin təqdiri ilə varlığını davam etdirir. Zamanı, məkanı, insanı və bütün aləmləri və varlıqları Allah yaratmışdır. Rəbbimiz hər cür qüsur və əskiklikdən münəzzəhdir. O, üstün və uca olandır. Hər hadisə Rəbbimizin izni və təqdiri ilə reallaşır. Allah diləmədən yer üzündə bir yarpaq belə düşməz, heç bir qadın hamilə qalmaz və heç bir canlı Ondan xəbərsiz doğa bilməz. Allah gizlini və açıqda olan hər şeyi bilir və hər şeyə qadirdir. Göylərdə və yerdə Allah'ı heç bir güc aciz qoya bilməz, Allah dilədiyini etməyə qadirdir, sonsuz güc və qüdrət sahibidir. Kainatdakı bütün iqtidar və qüdrətin yeganə sahibi Allah'dır. Allah'ın üstün güc sahibi olduğu, hər şeyin Onun diləməsi ilə reallaşdığı, ən üstün və ən böyük olduğu bəzi Quran ayələrində belə bildirilir:


Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allah'dır. Vəhy onların arasında ona görə nazil olur ki, Allah'ın hər şeyə qadir olduğunu və Allah'ın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. (Talaq surəsi, 12)


Göylərdə və yerdə nə varsa, Allah'ındır. Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də, Allah buna görə sizi hesaba çəkəcək. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir. (Bəqərə surəsi, 284)


Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, Biz, həqiqətən, qadirik. (Onları) daha yaxşıları ilə əvəz edə bilərik. (Bunda) qarşımıza çıxa bilən tapılmaz. (Məaric surəsi, 40-41)


Allah'ın hər şeyə qadir olduğu İncildə belə bildirilir:
...Onlardan biri belə Allah'ın qarşısında unudulmur. Sizin saçınızdakı tüklər belə sayılıb... (Luka, 12: 6-7)
İsa onlara baxıb dedi: “Bu, insanlar üçün mümkün deyil, amma Allah üçün hər şey mümkündür”. (Matta, 19: 26)
Allah'ın qarşısında öz taxtlarında oturan iyirmi dörd ağsaqqal üzüstə yerə qapanıb Allah'a səcdə edərək dedi: “Ey var olan, var olmuş külli-ixtiyar Rəbb Allah, Sənə şükür edirik! (Vəhy, 11: 16-17)
Çünki Allah üçün mümkün olmayan şey yoxdur (Luka, 1: 37)
Onlar Allah'ın qulu Musanın nəğməsini və Quzunun nəğməsini oxuyaraq deyir: “Ey külli-ixtiyar Rəbb Allah, Sənin işlərin böyük və heyrətlidir. Ey millətlərin Padşahı, Sənin yolların ədalətli və həqiqidir. Ya Rəbb, kim Səndən qorxmaz, kim Sənin adını izzətli etməz? Çünki yalnız Sən müqəddəssən. Bütün millətlər gəlib Sənin önündə səcdə edəcək. (Vəhy, 15: 3-4)
Tövratda da Allah'ın hər şeyə qadir olduğu açıq şəkildə bildirilmişdir:
...Allah'ın adı əbədi olaraq izzətli olsun! Çünki hikmət və qüdrət Ona məxsusdur. Vaxtı və dövrü dəyişdirən Odur. O, padşahları taxtdan salar və taxta qoyar, müdriklərə hikmət, aqillərə ağıl verər. Dərin və gizli sirləri O, açar, qaranlıqda qalanı O bilər. İşıqla əhatə olunan Odur. (Daniel, 2: 20-22)
Külli-ixtiyar Allah Mənəm... (Yaradılış, 35: 11)
Evi Rəbb tikməzsə, bənnaların zəhməti boşa gedər. Şəhəri Rəbb qorumazsa, keşikçilər boş yerə orada gözləyər. (Məzmurlar, 127: 1)

Odur dağlara quruluş verən, küləyi yaradan, nə düşündüyünü insana bildirən, dan işığını qaraldan, Yer üzünün yüksək yerlərinə ayaq basan – Onun adı Ordular Allah'ı Rəbdir. (Amos, 4: 13)

 

Allah hər şeyi bilir
Allah hər şeydən xəbərdar olandır, hər şeyi eşidir, görür və bilir. Hər hansı bir hadisəni harada olursa-olsun, nə qədər gizli olursa-olsun, Allah incəliyinə qədər bilir. Kimin nə vaxt harada doğulduğu və öldüyü, həyatı boyu nə etdiyi, hansı məqsədlər uğrunda çalışdığı, nə vaxt güldüyü, nə vaxt ağladığı, nə plan qurduğu, içindən nələr keçirdiyi kimi bütün təfsilatlar Rəbbimizin bilgisi daxilindədir. Eyni anda kosmosda baş verən hər hadisə yer üzündəki milyardlarla heyvan və bitkinin vəziyyəti, kainatın bütün qanunları kimi saysız-hesabsız hər cür məlumata hakimdir. Allah Quranda belə buyurur:


Məgər bilmirsən ki, Allah göydə və yerdə olanları bilir? Həqiqətən, bu, yazıda (Lövhi-məhfuzda) mövcuddur. Şübhəsiz ki, bu, Allah üçün asandır. (Həcc surəsi, 70)


Şübhəsiz ki, (Allah) aşkar deyilən sözü də, sizin gizlətdiklərinizi də bilir! (Ənbiya surəsi, 110)


Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Yerdə də, göydə də zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın yazıda (lövhi-məhfuzda) olmasın. (Yunis surəsi, 61)


Rəbbimizin hər şeyi yaratdığı və bildiyi, bütün məlumatların sahibi olduğu, Onun elmi xaricində heç bir varlığın heç bir şey etməyə qadir olmadığı Quranda bildirilmişdir. Bizim bildiyimiz və ya bilmədiyimiz, açıqda və ya gizli olan, böyük və ya gözlə görülməyəcək qədər kiçik olan hər şey Allah'ın idarəsində və məlumatındadır. İncil və Tövratda isə Allah'ın hər şeyi bildiyi belə ifadə edilmişdir:
Çünki aşkara çıxmayan gizli heç bir şey və bilinib aydın olmayan sirli heç bir şey yoxdur. (Luka, 8: 17)
Siz onlara bənzəməyin! Çünki Allah'ınız nələrə ehtiyacınız olduğunu siz Ondan diləməzdən əvvəl bilir. (Matta, 6: 8)
İki sərçə bir qara pula satılmırmı? Onlardan biri belə, Allah'ın izni olmadan yerə düşməz. (Matta, 10: 29)
Oturuşumu-duruşumu Özün bilirsən, fikirlərimi uzaqdan duyursan. Getməyimə, yatmağıma nəzarət edirsən, hansı yollardan keçdiyimi bilirsən. Sözlərimi dilə gətirməmişdən əvvəl, ya Rəbb, hamısını tamamilə bilirsən. (Məzmurlar, 139: 2-4)
...Hər insanın ürəyini yalnız Sən bilirsən… (1. Padşahlar, 8: 39)
Mən gizli bir yerdə yaranarkən, dünyanın dərin yerində yaranarkən bədənim Səndən gizli qalmadı. (Məzmurlar, 139: 15)
Gizlilik Allah'ımız Rəbbə məxsusdur... (Qanunun təkrarı, 29: 29)

Allah mərhəmətlidir və bağışlayandır
Quranda Rəbbimizin rəhm edənlərin ən rəhimlisi (Yusif surəsi, 92) olduğu bildirilmişdir. Allah sonsuz mərhəmət və lütfünü görünən və görünməyən hər şeydə təcəlli etdirir. İnsanın tənəffüs etdiyi hava, içdiyi su, yediyi yemək, seyr etməkdən xoşlandığı gözəl mənzərə, sevdiyi heyvan, güvəndiyi və sevdiyi dostları, ailəsi, yaxınları, geyindiyi paltarlar, yaşadığı ev, mindiyi avtomobil Allah'ın lütf etdiyi nemətlərdən yalnız bir neçəsidir. İnsan həyatı boyu uca Allah'ın mərhəmətini, himayəsini və şəfqətini üzərində hiss edir. Rəbbimizin verdiyi saysız-hesabsız nemətin əvəzində insan yalnız Ona yönəlməli və Onun razı olacağı qul olmaq üçün var gücü ilə cəhd göstərməlidir. Allah tövbələri qəbul edən, Özünə səmimiyyətlə yönələnə hidayət verən, əfvi çox olandır. Dua edənin duasına cavab verən, insanı çətinliklərdən qurtaran yalnız Allah'dır.
Qurani-kərimdə Rəbbimizin bağışlayıcı olması, insanlara mərhəməti və şəfqəti belə bildirilmişdir:
...Allah sizin imanınızı puç etməz. Həqiqətən də, Allah insanlara qarşı şəfqətlidir, Rəhmlidir. (Bəqərə surəsi, 143)
(Qullarıma mənim bu sözümü) de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allah'ın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, bağışlayandır, rəhmlidir!” (Zumər surəsi, 53)
Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə şəfqətlidir, rəhmlidir. (Hədid surəsi, 9)
İncildə də Allah'ın sonsuz mərhəmətli olduğu yazılmışdır. Bu ifadələrdən bəziləri belədir:
Axı Allah'ımızın ürəyi mərhəmətlidir, Onun bu mərhəmətinə görə ucalarda bizim üçün Günəş doğacaq... (Luka, 1: 78)
...Rəbb çox rəhimli və mərhəmətlidir.  (Yaqubun məktubu, 5: 11)
Onun mərhəməti isə nəsildən-nəslə Ondan qorxanlaradır (Luka, 1: 50)
Axı Allah'ımızın ürəyi mərhəmətlidir, Onun bu mərhəmətinə görə ucalarda bizim üçün Günəş doğacaq ki, zülmətdə və ölüm kölgəsində oturanların üzərinə nur saçsın, ayaqlarımızı sülh yoluna yönəltsin. (Luka, 1: 78-79)
Allah'ın insanlara qarşı mərhəmətli və bağışlayıcı olması Tövratda belə bildirilir:
Rəbb Onu sevənlərin hamısını hifz edər, bütün pis adamların isə kökünü kəsər. (Məzmurlar, 145: 20)
Rəbb lütfkar və rəhmlidir, hədsiz səbirli və bol məhəbbətlidir. (Məzmurlar, 103: 8)
Rəbbin məhəbbətinə görə məhv olmadıq, çünki mərhəməti tükənməzdir. (Mərsiyələr, 3: 22)

Yalnız Allah'a qulluq etmək
De: “Ey kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allah'dan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allah'ı qoyub bir-birimizi ilahiləşdirməyək... “ (Ali-İmran surəsi, 64)
Halbuki, onlara, dini məhz Allah'a məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur! (Beyyinə surəsi, 5)

İncil
İsa dedi: “...”Allah'ın Rəbbə sitayiş et və yalnız Ona qulluq et”, - deyə yazılmışdır”. (Matta, 4:10)
...Hər şey Ondan gəlir, biz də Onun üçün yaşayırıq. Həmçinin bizim bir Sahibimiz var... Hər şey Onun vasitəsilə yaranır, biz də Onun vasitəsilə yaşayırıq. (1. Korintlilər, 8: 5-6)
Fani olmayan Allah'ın izzətini fani olan insana, quşlara, dördayaqlılara və sürünənlərə bənzəyən bütlərlə əvəz etdilər. (Allah'ı tənzih edirik) ...Onlar Allah'ın həqiqətini yalanla əvəz etdilər, Yaradanın yerinə yaradılışa səcdə və ibadət etdilər; o Yaradana əbədi alqış olsun! Amin. (Romalılar, 1: 23-25)

Tövrat
Allah'ın Rəbdən qorx və Ona qulluq et. Andı Onun adı ilə et. Yad ilahların – başqa xalqların tapındığı heç bir ilahın ardınca getmə (Qanunun təkrarı, 6: 13-14)

… Allah'ın Rəbb Mənəm. Sən Məndən başqa Allah tanımamalısan, çünki Məndən başqa xilaskar yoxdur. (Huşə, 13: 4)

 

Allah'ı tərk edib bütlərə sitayiş etməmək
(İbrahim) dedi: “Siz aranızda ancaq dünya həyatına bəslədiyiniz vurğunluğa görə Allah'ı qoyub bütlərə pərəstiş etdiniz. Sonra isə Qiyamət günü bir-birinizi kafir adlandırıb lənətləyəcəksiniz. Sığınacağınız od olacaqdır. Sizə yardım edə bilən kəslər də tapa bilməyəcəksiniz”. (Ənkəbut surəsi, 25)
Rəbbin istədiyini yaradır və seçir. Onların isə seçməyə haqqı yoxdur. Allah pakdır, müqəddəsdir və onların qoşduqları şəriklərdən ucadır. (Qəsəs surəsi, 68)
Allah'dan savayı çağırdıqlarınız da sizin kimi qullardır. Əgər doğru deyirsinizsə, çağırın onları, sizə cavab versinlər. (Əraf surəsi, 194)

İncil
Onlar Allah'ın həqiqətini yalanla əvəz etdilər, Yaradanın yerinə yaradılışa səcdə və ibadət etdilər; o Yaradana əbədi alqış olsun... (Paulun romalılara məktubu, 1: 25)
Beləliklə, bütlərə təqdim olunan qurban ətinin yeyilməsi barəsində bilirik ki, “büt dünyada heç nədir” və “bir olan Allah'dan başqası yoxdur” [Allahı tənzih edirik]. (1. Korintlilər, 8: 4)
Ey övladlar, özünüzü bütlərdən qoruyun! (1. Yəhya, 5: 21)
Bu bəlalarda həlak olmayıb sağ qalan insanlar öz əlləri ilə düzəltdikləri şeylərdən dönüb tövbə etmədilər. Cinlərə və görməyə, eşitməyə, yeriməyə qadir olmayan qızıl, gümüş, tunc, daş, taxta bütlərə səcdə etməkdən əl çəkmədilər. (Vəhy, 9: 20)

 

Tövrat
Sənətkarın düzəldiyi yonma və ya tökmə bütlərin yalan öyrətməkdən başqa nə xeyri var? Bütü düzəldən sənətkar öz işinə güvənir, amma onun düzəltdiyi dilsiz bütdən başqa nədir ki? Taxtaya: “Oyan!”, dilsiz daşa: “Qalx!” -deyən insanın vay halına! Büt yol göstərə bilərmi? Budur, o, qızılla, gümüşlə örtülmüşdür, Fəqət içində həyat nəfəsi yoxdur. (Habaqquq, 2: 18-19)
...”Səni Misir torpağından, köləlik diyarından çıxaran Allah`ın Rəbb Mənəm. Məndən başqa tanrın olmasın. Özünə yuxarıda – səmada, aşağıda – yerdə və ya suda yaşayan canlıya bənzər büt düzəltmə. Belə şeylərə səcdə edib ibadət etmə... “ (Çıxış, 20: 2-5)
Bütləri düzəldənlərin hamısı boş insanlardır. Dəyər verdiyi əşyalar heç bir işə yaramaz. Bütlərin şahidi onlardır; heç bir şey görmür və heç bir şey bilmirlər. Onlar axırda xəcalət içində olacaq. Kim faydasız ilaha forma verib büt düzəltmək istər? Bunları düzəldənlərin hamısı xəcalət içində olacaq. Ustalar isə özləri də insandır, qoy onların hamısı toplaşıb məhkəmədə dursun, dəhşətə düşüb birlikdə xəcalət çəksin. (Yeşaya, 44: 9-11)

Allah'ı ucaltmaq
...Yenilməz izzət (qüvvət) bütövlükdə yalnız Allah'a məxsusdur.  (Yunis surəsi,  65)
Ərşin sahibidir, şan-şöhrətlidir! (Büruc surəsi, 15)
Ən uca Rəbbinin adına təriflər de! (Əla surəsi, 1)

İncil
Əsrlərin Padşahı, ölməz, görünməz və bir olan Allah'a əbədi olaraq hörmət və izzət olsun... (Paulun Timoteyə I məktubu,1: 17)
...Allah'a həmd-səna oxuyan çoxsaylı səmavi ordular göründü. Onlar belə deyirdi: “Ən ucalarda Allah'a izzət, Yer üzündə Onun razı olduğu insanlara sülh olsun! (Luka, 2: 13-14)
Çobanlar bütün görüb-eşitdiklərinə görə Allah'ı izzətləndirib həmd edərək geri qayıtdı. Çünki hər şey onlara söylədikləri kimi baş vermişdi. (Luka, 2: 20)

Tövrat
Ya Rəbb, əzəmət, qüdrət, cəlal, zəfər və şöhrət Sənə məxsusdur, çünki göydə və yerdə olan hər şey Sənindir. Ya Rəbb, padşahlıq Sənindir və hökmdar olaraq hər şeydən ucasan. Var-dövlətlə şöhrət Səndən gəlir və Sən hər şeyə hökmranlıq edirsən. Hər kəsi yüksəltmək və gücləndirmək üçün qüdrət və güc Sənin əlindədir. İndi, ey Allah'ımız, biz Sənə şükür edirik və izzətli adına həmd edirik. (I Salnamələr,  29: 11-13)
Ey xalqların tayfaları, Rəbbə verin – ehtişamı, qüdrəti Rəbbə verin (I Salnamələr,  16: 28)

Rəbb əzəmətlidir, bol həmdə layiqdir, Onun əzəməti insan ağlına sığmaz. Əməllərin nəsildən-nəslə qədər mədh ediləcək, qüdrətli işlərin bəyan ediləcək. Əzəmətindən, izzətindən, şərəfindən deyiləcək, qeyri-adi işlərini dərindən düşünəcəyəm. İnsanlar əzəmətli işlərinin qüdrətindən danışacaq, Sənin əzəmətini elan edəcəyəm. İnsanlar Sənin bol xeyirxahlığını bəyan edəcəklər, salehliyini mədh edəcəklər. Rəbb lütfkar və rəhmlidir, hədsiz səbirli və bol məhəbbətlidir. Rəbb hamıya xeyirxahlıq edər, yaratdıqlarının hər birinə mərhəmət göstərər. (Məzmurlar,  145, 3-9)

Gücü verən Allah'dır
Ey qövmüm! Rəbbinizdən bağışlanma diləyin, sonra da Ona tövbə edin ki, göydən sizə bolluca yağış yağdırsın və gücünüzü daha da artırsın. Günahkar olaraq üz çevirməyin”. (Hud surəsi, 52)
Sonra sizə onların üzərində yenidən qələbə qazandırdıq, var-dövlət və oğullarla sizə yardım etdik və sizin sayınızı çoxaltdıq. (İsra surəsi, 6)

İncil
...İsa Rəbbin qüdrəti ilə xəstələrə şəfa verirdi. (Luka,  5: 17)
 Amma İsa onlara dedi: “Hər insan bu sözü qəbul edə bilməz, ancaq Allah'ın güc verdiyi insanlar qəbul edə bilərlər”. (Matta,  19: 11)
...Səltənət, qüdrət və izzət əbədi olaraq Sənindir!.. (Matta,  6, 13)

Tövrat
...Rəbb mənə böyük güc verir... (I Şamuel,  2: 1)
Ya Rəbb, əzəmət, qüdrət, cəlal, zəfər və şöhrət Sənə məxsusdur, çünki göydə və yerdə olan hər şey Sənindir. Ya Rəbb, padşahlıq Sənindir və hökmdar olaraq hər şeydən ucasan... Sən hər şeyə hökmranlıq edirsən. Hər kəsi yüksəltmək və gücləndirmək üçün qüdrət və güc Sənin əlindədir. (I Salnamələr,  29: 11-12)

Öldürən və dirildən Allah'dır
Dirildən də, Öldürən də Odur. O, bir şeyin olmasını istədikdə ona ancaq: “Ol”– deyir, o da olur. (Mömin surəsi, 68)
Ondan başqa İlah yoxdur. O, həm dirildir, həm də öldürür. O, həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbidir. (Duxan surəsi, 8)
Öldürən də, dirildən də Odur! (Nəcm surəsi, 44)

İncil
… Amma bu, özümüzə deyil, ölüləri dirildən Allah'a güvənməyimiz üçün başımıza gəldi. (Korinflilərə  II məktub,  1: 9)
Nəyə görə Allah'ın ölüləri diriltməsini inanılmaz bir şey hesab edirsiniz? (Həvarilərin işləri,  26: 8)

Tövrat
Rəbb insanı həm öldürür, həm dirildir. (I Şamuel,  2: 6)
Hər yaratdığının canı Onun əlindədir, Bütün insanların nəfəsi Onun əlindədir. (Əyyub,  12: 10)
Üstünüzə vətərlər qoyacaq, ət bitirəcək və sizi dəri ilə örtəcəyəm, daxilinizə ruh qoyacağam və siz diriləcəksiniz. Onda biləcəksiniz ki, Rəbb Mənəm. (Yezekel,  37: 6)

Allah dilədiyini varlı, dilədiyini yoxsul edir
Allah Öz qullarından istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. Şübhəsiz ki, Allah hər şeyi bilir. (Ənkəbut surəsi, 62)
De: “Ey mülkün sahibi Allah'ım! Sən istədiyin kəsə mülkü verir­ və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir (yalnız) Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən. (Ali-İmran surəsi, 26)
Tövrat
Rəbb yoxsulluq və var-dövlət göndərir, alçaldır və yüksəldir. (I Şamuel,  2: 7)
Unutmayın ki, bu sərvəti qazanmaq qabiliyyətini sizə verən Allah'ınız Rəbdir... (Qanunun təkrarı,  8: 18)

Ya Rəbb, əzəmət, qüdrət, cəlal, zəfər və şöhrət Sənə məxsusdur, çünki göydə və yerdə olan hər şey Sənindir. Ya Rəbb, padşahlıq Sənindir və hökmdar olaraq hər şeydən ucasan. Var-dövlətlə şöhrət Səndən gəlir və Sən hər şeyə hökmranlıq edirsən... (I Salnamələr,  29: 11-12)

Allah sadiq olanları qoruyur
Möminlərin içərisində Allah'a etdikləri əhdə sadiq qalan kişilər vardır. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də gözləyir. Onlar (əhdlərini) əsla dəyişdirməyiblər. Allah  doğruları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə də istəsə əzab versin, yaxud onların tövbələrini qəbul buyursun. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir. (Əhzab surəsi, 23-24)

Tövrat
Rəbb sadiq qullarının addımlarını qoruyur... (1 Şamuel, 2: 9)
Ey Rəbbi sevənlər, şərə nifrət edin! O, möminlərinin canını qoruyar (Məzmurlar,  97: 10)
Çünki Rəbb ədaləti sevir, heç vaxt möminləri tərk etmir. Salehlər daim müdafiə olunacaq, pislər isə məhv olacaq. (Məzmurlar,  37: 28)

İncil
Çəkəcəyin əzabdan heç qorxma... Ölüm bahasına olsa da, sadiq qal, Mən sənə həyat tacını verəcəyəm. (Vəhy,  2: 10)

Allah tərifə layiq olandır, Həmiddir
Göylərdə və yerdə nə varsa, Onundur. Həqiqətən, Allah ehtiyacsızdır, tərifəlayiqdir. (Həcc surəsi, 64)
Ey insanlar! Siz Allah'a möhtacsınız. Allah isə  möhtac deyildir. Həmiddir. (Fatir surəsi, 15)

İncil
Dilimizlə Rəbbə alqış edirik... (Yaqub,  3: 9)
Yenə deyilir ki: “Ey millətlər, Onun xalqı ilə birgə sevinin!” və  “Ey millətlər, Rəbbə həmd edin! Ey bütün ümmətlər, Onu mədh edin!” (Romalılara,  15: 10-11)

Tövrat
 Həmdə layiq olan Rəbbi çağıracağam... (2 Şamuel,  22: 4)
Ya Rəbb, Sən mənim Allah'ımsan, Səni ucaldıram, adına həmdlər oxuyuram... (Yeşaya,  25: 1)
Sənə şükür və həmd olsun ki, mənə hikmət və qüdrət verdin... (Daniel,  2: 23)

Ən doğru yol Allah'ın yoludur
Bu, Rəbbinin doğru yoludur. Biz ayələrimizi düşünüb anlayan bir camaat üçün artıq müfəssəl izah etmişik. (Ənam surəsi, 126)
Onlar gözəl kəlamlar öyrənməyə nail olmuş və tərifəlayiq (Allah'ın) yoluna yönəldilmişlər. (Həcc surəsi, 24)

İncil
Əlindəki ilə kifayətlənərək mömin olmaq böyük qazancdır. (Timoteyə 1 məktub,  6: 6)

Tövrat
Allah'ın yolu kamildir... (2 Şamuel,  22: 31)
Nə bəxtiyardır öz yolunda kamil olanlar, Rəbbin qanununa görə yaşayanlar. (Məzmurlar,  119: 1)
…Allah'ımızın əzəmətini mədh edin! Onun bütün işləri kamildir, bütün yolları isə haqdır (Qanunun təkrarı,  32: 3-4)

Doğru yola yönəldən Allah'dır
Allah, Onun rizasını arayan şəxsləri əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir. (Maidə surəsi, 16)
De: “Həqiqətən, Rəbbim məni doğru yola, həqiqi dinə, hənif İbrahimin dininə yönəltdi. O, heç vaxt müşriklərdən olmamışdı”. (Ənam surəsi, 161)
Doğru yol göstərmək Allah'a aiddir... (Nəhl surəsi, 9)

Tövrat
Sığınacağım Allah`dır, mənə qüvvət verər, yolumu kamil edər. (II Şamuel, 22: 33)
Bütün yollarında Onu tanı, O, sənin yollarını nizama salar. (Süleymanın məsəlləri,  3: 6)
Sənə ümid bağlayanlar heç vaxt utanmasınlar... Ya Rəbb, yollarını mənə göstər, ardınca getməyi mənə öyrət. Məni haqq yolu ilə apar, həqiqətini mənə öyrət. Məni qurtaran Allah Sənsən, daim Səni gözləyirəm. (Məzmurlar,  25: 3-5)

Allah Öz yoluna itaət edənlərə müvəffəqiyyət bəxş edir
Kim Allah'ı, Onun Elçisini və iman gətirənləri  dost tutarsa, (bilsin ki,) qələbə çalanlar da məhz Allah'ın firqəsidir. (Maidə surəsi, 56)

İncil
Çünki iman vasitəsilə, lütflə xilas oldunuz. Bu, sizin nailiyyətiniz deyil, Allah'ın hədiyyəsidir. (Efeslilərə məktub,  2: 8)
Sınağa səbir edən adam nə bəxtiyardır! Çünki sınaqdan keçdikdə Rəbbin Onu sevənlərə vəd etdiyi həyat tacını alacaq. (Yaqub,  1: 12)

Tövrat

Allah'ın Rəbbin verdiyi buyruğu yerinə yetirib Onun yolu ilə get və Musanın Qanununda yazıldığı kimi Allah'ın qaydalarına, əmrlərinə, hökmlərinə və  fərmanlarına əməl et ki, gördüyün hər işdə və getdiyin hər yerdə uğur qazanasan. (1 Padşahlar,  2: 3)

 

Allah'ın vəhyi: Kitaba bütünlüklə riayət etmək
Bax, siz o kəslərsiniz ki, onlara məhəbbət bəsləyir, onlar isə sizi sevmirlər. Siz  kitabların hamısına inanırsınız. Onlar sizinlə rastlaşanda: “Biz də inandıq!”– deyirlər, təklikdə qalanda isə sizə qarşı qəzəbdən barmaqlarının ucunu gəmirirlər... (Ali-İmran surəsi, 119)

Şübhəsiz ki, Allah'ın nazil etdiyi kitabda olanları gizli saxlayanlar və bununla cüzi miqdarda (pul) əldə edənlər öz qarınlarına oddan başqa bir şey doldurmurlar. Qiyamət günü Allah onları danışdırmaz və onları təmizə çıxarmaz. Onlar üçün üzücü bir əzab vardır. (Bəqərə surəsi, 174)

İncil
...Müqəddəs Qanunda və peyğəmbərlərin kitablarında yazılan hər şeyə inanıram. (Həvarilərin işləri,  24: 14)
Amma o, mənə dedi: “Yox, olmaz! Mən səninlə, peyğəmbər qardaşlarınla və bu kitabın sözlərinə əməl edənlərlə birgə Allah quluyam. Allah'a səcdə et”. (Vəhy,  22: 9)

Tövrat
Qulum Musanın sənə tapşırdığı qanuna tam və dəqiq əməl etmək üçün cəsarətli və çox möhkəm ol. Ondan nə sağa, nə də sola çevril ki, hara getsən, uğur qazanasan. (Yeşua,  1: 7)
Musa  ilə  İsrailin  ağsaqqalları  xalqa  belə  dedilər: “Bu gün  sizə buyurduğum bütün əmrlərə riayət edin”. (Qanunun təkrarı,  27: 1)
İndi, ey israillilər, sizə öyrədəcəyim qaydalara və hökmlərə qulaq asın... Sizə verəcəyim əmrlərə heç nə artırıb-əskiltməyin. Yalnız Allah'ınız Rəbbin əmrlərinə – sizə verəcəyim əmrlərə riayət edin. (Qanunun təkrarı,  4: 1-2)

Allah'dan qorxmaq
Allah qorxusu inananların ortaq və əhəmiyyətli xüsusiyyətlərindən biridir. Quranda bu qorxunun necə olacağı açıq şəkildə təsvir edilmişdir. Allah qorxusu dünyəvi qorxulardan tamamilə fərqlənir. Möminlər Allah'a dərin hörmət edir, Onun istəklərinə qarşı çıxmaqdan çəkinir, Rəbbimizin razılığını itirməkdən və əzabına məruz qalmaqdan qorxurlar. Möminlərin bu mövzuda həssas olmaları Allah'a qarşı duyduqları hörmət dolu qorxunun bir göstəricisidir.
Quranda inananlara “Allah'dan Ona layiq olan tərzdə qorxun” (Ali-İmran surəsi, 102) “Nə qədər bacarırsınızsa, Allah'dan qorxun” (Təğabun surəsi, 16) şəklində əmr edilmişdir. Möminin üzərinə düşən vəzifə Allah'ın yaratdıqları üzərində düşünmək, Rəbbimizin sərhədsiz ağlını, elmini, sənətini, qüdrətini, böyüklüyünü qavramaqdır. Beləliklə, Allah'a qarşı duyulan hörmət dolu qorxu da artar.
Allah'dan qorxan bir insan pisliklərdən və yanlış hərəkətlərdən qorunub təmizlənir, Allah'ın razılığını qazanmağa mane olan şeylərdən uzaqlaşır. Allah qorxusunun insana ağıl və anlayış qazandırdığı Quranda belə ifadə edilmişdir:
Ey iman gətirənlər! Əgər Allah'dan qorxsanız, O, sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir. (Ənfal surəsi, 29)
İncildə də yalnız Allah'dan qorxmağın lazım olduğu belə ifadə edilir:
Ey dostlarım, sizə deyirəm: bədəni öldürən və ondan sonra başqa heç nə edə bilməyənlərdən qorxmayın. Amma kimdən qorxmaq lazım olduğunu sizə söyləyim: adamı öldürəndən sonra Cəhənnəmə atan ixtiyar Sahibindən qorxun. Bəli, sizə deyirəm ki, Ondan qorxun! (Luka,  12: 4-5)
İncilin müxtəlif yerlərində inananların Allah'dan qorxmasının lazım olduğu təkrarlanır:
Hamıya hörmət edin. İmanlı bacı-qardaşlarınızı sevin, Allah'dan qorxun. Padşaha hörmət edin. (Peterin 1 məktubu,  2: 17)
...Hər millətə, hər tayfaya, hər dilə və hər xalqa yaymaq üçün əbədi bir müjdə gətirirdi. Mələk uca səslə deyirdi: “Allah'dan qorxun, Ona izzət verin!..” (Vəhy,  14: 6-7)
Tövratda isə: “Rəbb qorxusu hikmətin başlanğıcıdır”, -deyilir (Məzmurlar,  111: 10) və insanın ancaq Allah'dan qorxaraq doğru yolu tapacağı xəbər verilir. Tövratda Allah qorxusu ilə bağlı bəzi izahlar belədir:
Rəbb qorxusu safdır, əbədi yaşayır, Rəbbin hökmləri haqdır, hamısı ədalətlidir. (Məzmurlar,  19: 9)
Rəbdən qorxub Ona xidmət edin, həm titrəyin, həm sevinin. (Məzmurlar,  2: 11)
Nə bəxtiyardır Rəbdən qorxan, Onun yolları ilə gedən insan! (Məzmurlar,  128: 1)
Ordular Rəbbini müqəddəs sayın, Ondan qorxun və lərzəyə gəlin! (Yeşaya,  8: 13)

Allah sevgisi
Dünyadakı hər gözəllik həm Rəbbimizin bir neməti, həm də Onun sonsuz gözəlliyinin təcəllisidir. Vicdanlı və düşünən hər insan bu gözəlliklərin əsl sahibi olan Allah'a sevgi ilə bağlanır. İman gətirənlər Allah'ı hər kəsdən və hər şeydən daha çox sevirlər, sevdikləri varlıqları və gözəllikləri yaradanın Allah olduğunu bilirlər. Allah sevgisi əsl xoşbəxtliyin və rahatlığın qaynağıdır. Allah'ı çox sevən, Allah'dan çox qorxan, Onun razı olması üçün səmimi səy göstərən hər mömin dünyaya gözəllik gətirən xeyirli insanlardandır. Allah`ı sevən Allah'ın yaratdıqlarını da sevir, onlara qarşı şəfqət və mərhəmət duyur, onları qorumaq, onlara xeyir və gözəllik bəxş etmək istəyir.
Allah'ı unudaraq bütün sevgisini Onun yaratdıqlarına yönəldənlərin, Allah'ın varlığına laqeyd yanaşıb nəyəsə dünyəvi sevgi bəsləyənlərin əldə etdikləri isə yalnız əzab, bədbəxtlik və narahatlıqdır. Müşriklərlə möminlərin sevgi anlayışı arasındakı böyük fərq bir Quran ayəsində belə bildirilmişdir:
İnsanlardan elələri də vardır ki, Allah'dan qeyrilərini (Ona) tay tutur, onları da Allah'ı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allah'a olan sevgisi daha güclüdür... (Bəqərə surəsi, 165)
Tövratda Qanunun təkrarı hissəsində belə yazılmışdır:
...Allah'ımız  Rəbb  yeganə Rəbdir. Allah'ın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, var gücünlə sev. Bu gün sənə əmr etdiyim bu sözlər ürəyində kök salsın.  (Qanunun təkrarı,  6, 4-7)
İncildə də eyni hökm belə təkrarlanır:
...Allah'ın Rəbbi bütün qəlbinlə, bütün varlığınla və bütün düşüncənlə sev. (Matta,  22: 37)
Allah'ın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün düşüncənlə və var gücünlə sev. (Mark,  12: 30)

Allah'a şirk qoşmamaq
(İbrahim) dedi: “Siz aranızda ancaq dünya həyatına bəslədiyiniz vurğunluğa görə Allah'ı qoyub bütlərə pərəstiş etdiniz. Sonra isə Qiyamət günü bir-birinizi kafir adlandırıb lənətləyəcəksiniz. Sığınacağınız od olacaqdır. Sizə yardım edə bilən kəslər də tapa bilməyəcəksiniz”. (Ənkəbut surəsi, 25)
Rəbbin istədiyini yaradır və seçir. Onların isə seçməyə haqqı yoxdur. Allah pakdır, müqəddəsdir və onların qoşduqları şəriklərdən ucadır. (Qəsəs surəsi, 68)
Allah'dan savayı çağırdıqlarınız da sizin kimi qullardır. Əgər doğru deyirsinizsə, çağırın onları, sizə cavab versinlər. (Əraf surəsi, 194)

İncil
Onlar Allah'ın həqiqətini yalanla əvəz etdilər, Yaradanın yerinə yaradılışa səcdə və ibadət etdilər; o Yaradana əbədi alqış olsun!.. (Paulun romalılara məktubu,  1: 25)
 İsa cavab verdi: “...Allah'ımız Rəbb, yeganə Rəbdir...” İlahiyyatçı Ona dedi: “...Allah yeganədir. Ondan başqası yoxdur”. (Mark,  12: 29-32)

...Bax siz var olan həqiqi Allah'a qulluq edirsiniz; Onun ölülər arasından diriltdiyi oğlunun, yəni bizi gələcək qəzəbdən qurtaran İsanın göylərdən zühurunu gözləyirsiniz. (1 Salonikililərə,  1: 9-10)
Tövrat
Amma siz Məni  atıb başqa  ilahlara  qulluq  etdiniz... (Hakimlər,  10: 13)
İsrail övladları Rəbbin gözündə pis olan işlər görərək Baal bütlərinə qulluq etdilər... Onlar Rəbbi ataraq Baal və Aştoret bütlərinə qulluq etdilər. (Hakimlər,  2: 11-13)
Onların ilahlarına səcdə etməyin, onlara ibadət etməyin və qaydalarına əməl etməyin. O ilahları dağıdıb yox edin, onların daş sütunlarını parça-parça etməlisiniz. Siz Allah'ınız Rəbbə xidmət edin... (Çıxış,  23: 24-25)
Ya Rəbb Allah'ım, Sənə bənzəyən yoxdur! Bizə aid xariqələrin, düşüncələrin çoxdur. Onlardan danışmaq istəsəm, belə deyərdim: “Sayı-hesabı yoxdur”. (Məzmurlar,  40: 5)

Dünya həyatının keçiciliyi
İnkarçılarla inananların dünya həyatına baxışı tamamilə fərqlidir. İnkarçılar dünya nemətlərindən maksimum faydalanmağı həyatın başlıca məqsədi kimi görürlər. Halbuki insan dünyaya aid hər şeyi ölümü ilə birlikdə arxada qoyacaq. Bir insanın dünya həyatında sahib olduğu hər şey keçicidir. Bunun şüurunda olan inananlar gündəlik həyatda dünya nemətlərindən istifadə edirlər, ancaq bunları məqsəd kimi görmürlər. Sahib olduqları hər şeyi Allah'a şükür etmək və Onun razılığını qazanmaq üçün bir vasitə kimi qiymətləndirirlər. İnananlar dəbdəbəli avtomobillərin, göz oxşayan evlərin, gözəl bağçaların, qiymətli ləl-cavahiratların, gözəl insanların, qısası, saysız-hesabsız dünya nemətlərinin keçici olduğunu dərk edirlər. Bunların əslinin sonsuzadək Cənnətdə olduğunu da bilirlər.
Allah insanlara dünyanın keçici bərbəzəyinə aldanmamağı, dünyəvi həvəslərin əsiri olmamağı bildirmişdir. Quranda dünya həyatının keçiciliyi belə bildirilmişdir:
Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır. (Ali-İmran surəsi, 14)
Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu, elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o, çör-çöpə dönür. (Kimisini) axirətdə şiddətli əzab, (kimisini də) Allah'dan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. (Hədid surəsi, 20)
İncilin “Mark” hissəsində dünyəvi qayğıların, sadəcə dünyaya aid istəklərin və var-dövlətin insanları Allah'ın yolundan uzaqlaşdırdığı belə izah edilir:
Tikanlar arasına səpələnənlər isə belə insanlardır: kəlamı eşidirlər, lakin dünyanın qayğıları, var-dövlətin aldadıcılığı və başqa şeylərə olan həvəs araya girib kəlamı boğur və kəlam bəhrəsiz olur. Münbit torpağa düşənlər isə belə insanlardır: onlar kəlamı eşidib qəbul edir, bəzisi otuz, bəzisi altmış, bəzisi isə yüz qat məhsul verir. (Mark,  4: 18-20)
İncildə inananların dünya həyatının keçici zövqlərinə aldanmamaları bildirilir və dünya həvəsinin insanların qəlbinin qatılaşmasına səbəb olduğu xəbər verilir. İncilin bir çox yerində dünyanın keçiciliyi və dünyaya bağlanmağın böyük səhv olduğu belə bildirilir:

Özünüzə fikir verin! Qoy qəlbləriniz acgözlük və sərxoşluqla, bu həyatın qayğıları ilə qatılaşmasın. Qoy o gün bir tələ kimi üzərinizə qəflətən gəlməsin. Çünki o gün bir tələ kimi yer üzündə yaşayanların hamısının üstünə gələcək... Hər an dua edərək ayıq olun. (Luka,  21: 34-36)
Dünya və ondakı həvəslər keçib-gedir, amma Allah'ın iradəsinə təslim olan əbədi qalır. (1 Yəhya,  2: 17)
...Çünki bu dünyanın indiki vəziyyəti keçicidir. (1 Korinflilərə,  7: 31)

Tövratda isə dünya həyatının keçici olduğu, mal-mülk həvəsinin və axirətdən tamamilə üz çevirib dünyaya bağlanmağın böyük yanlış olduğu və inananların buna aldanmamaları belə izah edilir:
Pul sevən puldan doymaz, var-dövlət sevən də qazancdan. Bu da puçdur. Var-dövlət çoxaldıqca onu yeyənlər də çoxalır. Gözləri ilə görməkdən savayı sahibinə ondan nə fayda var?.. Yığdığı sərvət, sahibinə zərər gətirir... Necə ki, o, anasının bətnindən çılpaq doğulub, eləcə də bu dünyadan gedir. Zəhmətinin bəhrəsindən heç nəyi əlinə götürüb özü ilə apara bilmir. İnsan dünyaya necə gəlirsə, elə də gedir...  (Vaiz,  5: 10-16)
Biz bütün atalarımız kimi Sənin önündə bir qərib və qonağıq. Günlərimiz yer üzündə kölgə kimidir və heç nəyə ümidimiz yoxdur. (1 Salnamələr,  29: 15)
Rəbbin qəzəb günündə qızıl-gümüşləri onları qurtara bilməyəcək... (Sefanya,  1: 18)
O, belə dedi: “Bu dünyaya çılpaq gəlmişəm, çılpaq da gedəcəyəm. Verən də Rəbdir, alan da Rəbdir. Rəbbin isminə alqış olsun!” (Əyyub,  1: 21)
Onlar var-dövlətlərinə güvənirlər, bol sərvətləri ilə öyünürlər. Amma heç kim öz ömrünü satın ala bilməz, həyatının haqqını Allah'a ödəyə bilməz. Hamının sərvəti başqasına nəsib olur. Torpaqlara sahib olsalar belə, son mənzilləri qəbirdir, yenə nəsillərdən-nəsillərədək yerləri məzardır. İnsan dəyərli olsa da, qalmır; həlak olan heyvana oxşayır. Qorxma bir adam varlı olanda, evinə sərvət yığılanda. Çünki öləndə heç nə apara bilməz, sərvəti ardınca getməz. (Məzmurlar,  49: 6-17)

Peyğəmbərlərə iman
Allah insanlara hər dövrdə doğrunu və yanlışı göstərən, Özünün razı olduğu əxlaqı öyrədən elçilər göndərmişdir. Bu elçilər insanları Allah'a iman gətirməyə çağırmış, onlara Allah'ın dinini təbliğ etmişlər. Hz. İbrahim (əs), hz. Süleyman (əs), hz. Davud (əs), hz. Lut (əs), hz. İsa (əs), hz. Musa (əs), hz. Nuh (əs), hz. Yusif (əs), hz. İsmayıl (əs), hz. İshaq (əs) kimi peyğəmbərlərin və elçilərin həyatı Quranda açıqlanır. Rəbbimiz ayədə peyğəmbər hekayələrində inananlar üçün hikmətlər olduğunu bildirmişdir (Yusif surəsi, 111). Peyğəmbərlər Allah'ın seçdiyi, müjdələyən və xəbərdaredici kimi göndərdiyi, üstün əxlaq və imanları ilə bütün insanlara nümunə olan mübarək insanlardır. Müsəlmanlar peyğəmbərlərin hamısına iman gətirir, ayrı-seçkilik etmədən hamısına dərin sevgi duyur və hörmət edirlər. Müsəlmanların peyğəmbərlərə imanı və itaəti ayədə belə bildirilir:
Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də. Hamısı Allah'a, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. (Onlar dedilər): “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!” (Bəqərə surəsi, 285)
Peyğəmbərlərə iman xristianlıq və yəhudiliyin də əsaslarındandır. Tövratda hz. Adəm (əs), hz. Nuh (əs), hz. Şüeyb (əs), hz. Yaqub (əs), hz. Yusif (əs) və bir çox peyğəmbərin həyatı (bir qismi təhrif olunsa da) ətraflı izah edilir. İncildə göndərilmiş elçilərə itaətin əhəmiyyəti müxtəlif izahlarla vurğulanmışdır. İncildə “Allah'ın istədiyi iş budur: Onun göndərdiyi şəxsə iman gətirin” (Yəhya,  6: 29) açıqlaması buna nümunədir. İncildə digər yerdə inananların elçiləri özlərinə nümunə götürmələri və onların əxlaqına bənzər əxlaqa sahib olub onların rəftarlarına bənzər davranmaları belə bildirilmişdir:
Çünki sizə nümunə göstərdim ki, mənim sizə etdiyimi siz də bir-birinizə edəsiniz. (Yəhya,  13: 15)

Peyğəmbəri peyğəmbər olduğu üçün qəbul edən peyğəmbərə layiq bir mükafat alacaq. Salehi saleh olduğu üçün qəbul edən isə saleh insana layiq bir mükafat alacaq. (Matta,  10: 41)

 

İnsanların göndərilən peyğəmbərləri qısqanması
“Məgər içimizdən təkcə onamı zikr vəhy edilmişdir?” Xeyr, onlar Mənim zikrimə şəkk gətirirlər. Xeyr, onlar Mənim əzabımı hələ dadmayıblar. (Sad surəsi, 8)
Peyğəmbərləri onlara dedi: “Allah Talutu sizə hökmdar təyin etdi!” Onlar dedilər: “O, necə bizə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha çox layiqik və ona heç böyük var-dövlət də verilməmişdir”. O dedi: “Allah sizin üzərinizə onu  seçdi, elm və bədəncə onun gücünü artırdı. Allah Öz mülkünü istədiyi kəsə verir. Allah  əhatə edəndir, biləndir”. (Bəqərə surəsi, 247)
...”Nə üçün bu Quran iki şəhərdən olan böyük bir adama nazil edilmədi?” (Zuxruf surəsi, 31)

İncil
Şənbə günü olanda O, sinaqoqda təlim öyrətməyə başladı. Onu dinləyən adamların çoxu heyrət içində dedi: “Bu adam belə şeyləri haradan bilir? Bu, necə hikmətdir Ona verilib? Bu cür möcüzələr Onun əlindən necə gəlir? Bu adam həmin dülgər deyilmi? Məryəmin oğlu, Yaqubun, Yusifin, Yəhudanın və Şimonun qardaşı deyilmi? Onun bacıları burada- bizim aramızda yaşamırmı?” Onların İsaya acığı tutdu. (Mark,  6: 2-3)
Buna görə də Allah'ın hikməti belə demişdi: Mən onlara peyğəmbərlər və həvarilər göndərəcəyəm, onların bəzisini öldürüb, bəzisini isə təqib edəcəklər. (Luka,  11: 49)

Tövrat
Ancaq Rəbbin qəzəbi Öz xalqının üzərinə gəldi və onlara heç bir çarə tapılmadı, çünki Allah'ın  elçilərini  lağa  qoydular,  Onun  sözlərinə  xor  baxdılar  və  peyğəmbərlərini təhqir  etdilər. (2 Salnamələr,  36: 16)

Peyğəmbərlərə atılan dəlilik iftirası
Beləcə, onlardan əvvəlkilərə də elə bir elçi gəlmədi ki, (onun barəsində): “Sehrbazdır, ya da dəlidir!”– deməsinlər. Onlar bunu bir-birinə vəsiyyətmi etmişlər? Xeyr, onlar həddi aşan adamlardır. (Zariyat surəsi, 52-53)

İncil
İsanın ailə üzvləri bu barədə eşidəndə Onu aparmağa gəldilər. Onlar fikirləşirdilər ki, O, ağlını itirib. Yerusəlimdən gələn ilahiyyatçılar isə deyirdi: “Onda Baal-Zevul var. O, cinləri cinlər başçısının qüdrəti ilə qovur. (Mark,  3: 21-22)
Çünki Yəhya gəldikdə nə çörək yeyir, nə şərab içirdi və onlar deyirdilər: “Onu cin tutmuşdur”. (Matta,  11: 18)

Peyğəmbərlər öz nəfslərinin istədiklərini danışmırlar
Sizin yoldaşınız nə (haqdan) azmış, nə də (yoldan) çıxmışdır. O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir. Bunu ona çox qüvvətli olan öyrətdi. (Nəcm surəsi, 2-5)

İncil
Mən özbaşına bir iş görə bilmərəm, eşitdiyim kimi mühakimə edərəm və Mənim hökmüm ədalətlidir. Çünki məqsədim öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirməkdir. (Yəhya,  5: 30)
Hər şeydən əvvəl bunu bilməlisiniz ki, müqəddəs yazılardakı peyğəmbərlik sözlərinin heç birini şəxsən izah etmək olmaz. Çünki heç vaxt peyğəmbərlik insan iradəsindən qaynaqlanmamışdır. (2 Peter,  1: 20-21)
O, qulu Davudun nəslindən bizə qüdrətli xilaskar yetirdi. Qədimdən bəri öz müqəddəs peyğəmbərlərinin vasitəsilə bildirdiyi kimi.  (Luka,  1: 69-70)

Tövrat
Onda Rəbb mənə dedi: “...Onlar üçün soydaşları arasından sənin kimi bir peyğəmbər yetirəcəyəm və sözlərimi onun dilindən eşidəcəksiniz. O, əmr etdiyim hər şeyi sizə söyləyəcək. (Qanunun təkrarı, 18: 17-18)

Cənnət və Cəhənnəmə iman
Allah'ın endirdiyi haqq dini insanlara təbliğ edən peyğəmbərlər insanları Cənnətdəki nemətlərlə müjdələmiş, Cəhənnəm əzabı ilə xəbərdar etmişlər. Dünya həyatında Allah'ın əmrlərinə itaət edənlər, Onun razılığını qazanmaq üçün çalışanlar axirətdə Cənnətlə mükafatlandırılacaqlar. Allah'ın dininə çağırıldıqları və doğru yolu gördükləri halda inkar edənləri isə Cəhənnəmdə sonsuz və dəhşətli bir əzab gözləyir.
Quranda inananları nemətlərlə dolu, sonsuzluq, xoşbəxtlik və sağlamlıq yurdu olan Cənnətin, inkarçıları isə bənzəri olmayan əzab və çətinliklərlə dolu olan əbədi Cəhənnəm həyatının gözlədiyi belə xəbər verilmişdir:
İman gətirib saleh əməllər edənləri isə  altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edəcəyik. (Bu,) Allah'ın gerçək vədi sayəsində olacaqdır. Sözündə Allah'dan daha doğruçu kim ola bilər? (Nisa surəsi, 122)
Kafirlər dəstə-dəstə Cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açıq olacaq və onun gözətçiləri onlara deyəcəklər: “Məgər öz içərinizdən Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu gününüzə qovuşacağınızla xə­­bərdar edən elçilər gəlməmişdi?” Onlar: “Əlbəttə, (gəlmişdi!)”– deyəcəklər. Lakin əzab sözü kafirlər barəsində gerçəkləşdi. (Zumər surəsi, 71)
Həyatı boyu Allah'ın əmrlərinə itaət edən, Rəbbimizin razılığını qazanmaq üçün cəhd göstərən imanlı insanlar Allah'ın izni ilə Cənnətdə ən ehtişamlı evlər, ən gözəl paltarlar, ən gözəl ləl-cavahiratlar, ən dadlı yeməklər, ən ləzzətli içkilərlə mükafatlandırılacaqlar, sevdikləri insanlarla və dostları ilə birlikdə rahat və sonsuz həyat yaşayacaqlar. Özlərini yaradan və saysız nemət verən Allah'a qarşı üsyan və nankorluq edənlər isə Cəhənnəm cəzasına məhkum olacaqlar. Quranda Cəhənnəmdəki əzabın dünyada bənzəri olmayan çox böyük, əzablı və şiddətli bir əzab olduğu bildirilmişdir. Cəhənnəmdəki yüngülləşdirilməyən və daimi olan fiziki və mənəvi əzab, dar, qaranlıq, tüstülü mühitlər, iyrənc yemək və içkilər, əzablı iniltilər, yandırıcı və qovurucu istilik, zəncirlər, dəmir qamçılar, qaynar su və digər cəzalar ayələrdə ətraflı şəkildə təsvir edilmişdir. Quranda Cəhənnəmdəkilərin günahlarını etiraf etmələri, xor və alçaq qılınmaları, peşmanlıqları, dünyaya geri qayıtmaq istəkləri, yox olmağı istəmələri də bildirilmişdir. Cəhənnəmdə olanlar kömək üçün yalvaracaqlar, ancaq onlara kömək edilməyəcək, əzablarının yüngülləşdirilməsini istəyəcəklər, ancaq bu istəklərinə məhəl qoyulmayacaq.
Yaxşılarla pislərin Allah qatında bir olmadığı və hər kəsin etdikləri ilə əvəz görəcəyi Tövrat və İncildə də bildirilmişdir. Yaxşılarla pislərin ayrılmaları İncildə belə izah edilmişdir:
Yenə səmavi səltənət dənizə atılan və hər cür balıq tutan bir tora bənzəyir. Tor dolduğu zaman onu sahilə çəkdilər və oturub yaxşıları qablara yığdılar, pisləri isə kənara atdılar. Bu, dövrün sonunda da belə olacaq. Mələklər gəlib pisləri salehlərin arasından kənar edəcəklər. Sonra onları soba alovuna atacaqlar. Orada ağlaşma və diş qıcırtısı olacaq. (Matta,  13: 47-50)
İncildə doğruların sonsuz həyata (Matta,  25: 46), pislərin İblislə birgə sonsuz atəşə (Matta, 25: 41), sonsuz cəzaya (Matta,  25: 46) göndəriləcəkləri bildirilmişdir. “Cəhənnəm cəzasından necə qaçacaqsınız?” (Matta,  23: 33) və “Öldürdükdən sonra Cəhənnəmə atan ixtiyar Sahibindən qorxun” (Luka,  12: 5) kimi izahlarla Cəhənnəm əzabı xatırladılmışdır. Cəhənnəmdəkilərin çəkdikləri əzab, çarəsizlik və peşmançılıq İncildə belə təsvir edilmişdir:
Bədəni öldürüb canı öldürə bilməyənlərdən qorxmayın. Həm canı, həm bədəni Cəhənnəmdə məhv edə bilən Allah'dan qorxun. (Matta,  10: 28)
Əgər sağ gözün səni pis yola çəkərsə, onu çıxar, at. Çünki sənin üçün bədən üzvlərindən birinin olmaması bütün bədəninin Cəhənnəmə atılmasından yaxşıdır. Əgər sağ əlin səni pis yola çəkərsə, onu kəs at. Çünki sənin üçün bədən üzvlərindən birinin olmaması bütün bədəninin Cəhənnəmə düşməsindən yaxşıdır. (Matta,  5: 29-30)
Tövratda isə yaxşılıq edənlərin yaxşılıqla əvəz görəcəyi, pislik edənlərin də bu pisliklər qarşılığında cəzalandırılacaqları ifadə edilir:
Saleh insanlara söyləyin ki, onlara yaxşılıq ediləcək, çünki onlar xeyirxahlıqlarının bəhrəsini görəcək. Pis insanların vay halına! Çünki onlara pislik olunacaq, elədikləri əməlləri qarşılarına çıxacaq. (Yeşaya,  3: 10-11)
...Dinsizlər lərzəyə gəldi: “Hər şeyi məhv edən alovun yanında hansımız yaşaya bilərik? Əbədi yanan atəşin yanında hansımız dayana bilərik?” Amma salehlik yolu ilə gedən, doğru sözlər danışan, haram yolla əldə edilən qazancı rədd edən, əlini rüşvətdən uzaq tutan, qatillərin qurduğu qəsdə fikir verməyən, pisliyə qarşı yaxşılıqla cavab verən yüksəkliklərdə yaşayacaq, təpələrin başındakı qalalar onun dayağı olacaq. O, çörəklə, su ilə təmin olunacaq. (Yeşaya,  33: 14-16)
...Çoxu əbədi həyat, bəzisi isə əbədi xəcalət və rüsvayçılıq üçün oyanacaq. Ağıllı insanlar göy qübbəsinin parıltısı kimi, saleh olanlar ulduzlar kimi əbədi və daim parlayacaq. (Daniel,  12: 2-3)
Necə ki, quraqlıq və istilik qarı əridib udur, ölülər diyarı  da günahkarları elə götürüb aparacaq. (Əyyub,  24: 19)
Ölülər diyarı həddindən artıq ağzını açıb və doymaq bilmir... Hamı yerə səriləcək, hər kəs diz üstə çökdürüləcək, təkəbbürlü baxışlar alçaldılacaq. (Yeşaya,  5: 14-15)
Pislər yıxılıb məhv olar, salehin evi dağılmaz. (Süleymanın məsəlləri,  12: 7)

Yenidən dirilişə iman
Allah bütün insanları ölümlərindən sonra yenidən dirildəcək və dünya həyatındakı əməlləri ilə hesaba çəkəcək. Bu həqiqət bütün peyğəmbərlər tərəfindən insanlara bildirilmişdir. Rəbbimizin endirdiyi haqq dini təbliğ edən peyğəmbərlər insanları yenidən diriləcəkləri günlə xəbərdar etmişlər və onlara o gün üçün ciddi hazırlıq görmələrinin lazım olduğunu xəbər vermişlər. Səmimi olaraq iman gətirən hər insan Allah`ın ölümdən sonra onu dirildəcəyini bilərək hərəkət edir. Bəzi insanlar isə ölümdən sonra yenidən dirilişi inkar edirlər. Axirət günündə yenidən diriləcəklərindən şübhə edənlərin və ya bu həqiqəti yalan hesab edənlərin vəziyyəti Quranda belə bildirilmişdir:
O, Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?” De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir. (Yasin surəsi, 78-79)
Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, (bilin ki,) həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi  uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi  vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki,  bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir. Bunun səbəbi Allah'ın haqq olmasındadır. O, ölüləri dirildir və hər şeyə qadirdir. (Həcc surəsi, 5-6)
Əlbəttə, hər şeyə qadir olan Allah üçün bütün insanların dirildilməsi çox asandır. İnsanı heç bir şey deyil ikən yoxdan yaradan, ölü kimi görünən quru torpağı dilədiyi şəkildə canlandıran Allah'dır. Zamanı gələndə insanları da yenidən dirildəcək. İncilin müxtəlif yerlərində ölümdən sonra diriliş olmadığını söyləyənlərə hz. İsanın (əs) təbliği haqqında məlumat verilmişdir. Bunlardan birində belə deyilir:
Buna heyrət etməyin, çünki elə bir zaman gəlir ki, qəbirdə yatanların hamısı Onun səsini eşidib qəbirlərindən çıxacaq, yaxşılıq edənlər dirilib həyat əldə edəcək, pislik edənlər isə dirilib mühakimə olunacaq. (Yuhanna,  5: 28-29)
Onda onlar sənə əvəzini verə bilmədiyinə görə, sən bəxtiyar olacaqsan. Çünki salehlər dirildiyi zaman sənə əvəz veriləcək. (Luka,  14: 14)
Lakin bir nəfər belə deyə bilər: “Ölülər necə diriləcək? Onlar nə cür bədənlə gələcəklər?”  Necə də məntiqsiz sualdır!.. (1 Korinflilərə,  15: 35-36)
Ölülərin dirilməsi də belədir. Əkilən toxum çürüyər, ondan əmələ gəlib dirilən bədən çürüməz. (1 Korinflilərə,  15: 42)
Tövratda yenidən dirilişin təsvir edildiyi hissələrdən bir qismi belədir:
Torpağın altında yatanların çoxu əbədi həyat, bəzisi isə əbədi xəcalət və rüsvayçılıq üçün oyanacaq. (Daniel,  12: 2)
Ey xalqım: “Mən qəbirlərinizi açanda, sizi qəbirlərinizdən çıxaranda biləcəksiniz ki, Rəbb Mənəm. Mən daxilinizə Öz Ruhumu qoyacağam və siz diriləcəksiniz”… -Rəbb belə bəyan edir. (Yezekel,  37: 13-14)
...Sənin ölülərin yaşayacaq, bədənləri diriləcək. Ey torpaq altında yatanlar, oyanın, sevinc nəğməsini oxuyun... Rəbb torpaqdakı ölüləri dirildəcək. (Yeşaya,  26: 19)
Sən isə öz aqibətinə qədər yaşa, çünki ölüb rahat olacaqsan və axirət günü dirilib qismətini alacaqsan. (Daniel,  12: 13)

Hesab gününə iman
Axirətə və hesab gününə iman İslamiyyətin əsaslarından biridir. Bütün insanlar dünya həyatında keçirdikləri hər anın hesabını vermək üçün yenidən dirildiləcəklər. Axirət günündə hər insan tək başına hesab verəcək, heç kim başqasının günahını yüklənə bilməyəcək və ya ona kömək edə bilməyəcək. O gündə iman gətirənlər və yaxşılıq edənlər üçün asan hesab olacaq. İnkar edib pis işlər görənlər üçün isə, şübhəsiz, hesab günü çox çətin bir gün olacaq.
Allah Quranda hesab gününün necə olduğunu ətraflı bildirmişdir. Heç bir şeyin gizli qalmayacağı hesab günündə zərrə qədər belə olsa, bütün insanların yaxşılıq və pislikləri həssas tərəzilərdə çəkiləcək. Bu həqiqət bir Quran ayəsində belə bildirilir:
Biz qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir. (Görülmüş iş) bir xardal dənəsi mislində olsa belə, onu gətirib (tərəziyə) qoyacağıq. Biz haqqı araşdırmağa bəs edərik. (Ənbiya surəsi, 47)
O gün inkarçıların eşitmə və görmə duyğuları, dəriləri onların əleyhinə şahidlik edəcək:
Nəhayət, onlar oraya gəldikləri zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir. (Fussilət surəsi, 20)
İnsanlar dünyada gördükləri işlərə görə Allah qatında hesab verərkən, peyğəmbərlər və şahidlər də olacaqlar. Sonsuz ədalət sahibi olan Allah hər insan haqqında hökm verəcək:
Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, kitab (ortaya) qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcəkdir. Onların arasında ədalətlə hökm veriləcək və onlara haqsızlıq edilməyəcəkdir. Hər kəsə öz əməlinin əvəzi tam veriləcəkdir. Allah onların nə etdiklərini yaxşı bilir. (Zumər surəsi, 69-70)
Axirət günü veriləcək hesab haqqında İncildə belə deyilir:
Allah'ın qarşısında gizli qalan məxluq yoxdur. Onun gözləri qarşısında hər şey çılpaq və açıq-aşkardır. Biz Ona hesab verəcəyik. (İbranilərə,  4: 13)
Allah hər kəsə əməlinə görə əvəzini verəcək: səbirlə, yaxşı əməl sahibi olaraq izzət, hörmət və ölməzlik axtaranlara əbədi həyat, özlərini göstərərək həqiqətə tabe olmayıb haqsızlıq edənlərə isə qəzəb və hiddət göndərəcək. (Romalılara,  2: 6-8)
Mən sizə deyirəm: insanlar söyləyəcəkləri hər boş söz üçün qiyamət günü hesab verəcəklər. (Matta,  12: 36)
...Qanunda deyilənlərin hamısı Qanunun hökmü altında olanlara aiddir; ta ki bütün dillər sussun və bütün dünya Allah'ın hökmünə məruz qalsın. (Romalılar,  3: 19)
Əlbəttə ki, Rəbb Allah yolunda cəhd edənləri sınaqdan necə qurtarmağı, haqsızları isə qiyamət gününədək cəza altında necə saxlamağı bilir. O, ələlxüsus cismani murdar ehtirasına təslim olaraq, ağalığa xor baxanları belə saxlayır. (2 Peter,  2: 9-10)
Tövratda da hesab gününün varlığı və Allah'ın insanları əməllərindən hesaba çəkəcəyi bildirilir. Bu izahlardan biri belədir:
Axı bütün millətlər üçün Rəbbin günü yaxınlaşır, sən nə cür etdinsə, sənə də belə ediləcək, əməllərinin əvəzi öz başına gələcək! (Avdiya,  1: 15)
… Bu insanların günü çatdı, nəhayət, cəza vaxtı gəldi. (Yezekel,  21: 29)
… Peyğəmbərlərin xəbərdarlıq etdiyi kimi cəza günü gəldi. İndi siz çaşbaş qalmışsınız. (Mikeya,  7: 4)
Sən ey murdar və pis olan… günün çatdı, nəhayət, cəza vaxtın gəldi. Xudavənd Rəbb belə deyir: “… Artıq bu, belə olmayacaq. Alçalanı yüksəlt, yüksələni alçalt”. (Yezekel,  21: 25-26)

Qiyamət günü
O: “Qiyamət günü nə vaxt olacaq!”– deyə soruşur. Gözlər bərələ qalacağı, Ay tutulacağı və Günəşlə Ayın qovuşacağı zaman – o gün insan deyəcəkdir: “Hara qaçaq?” Xeyr, (o gün) pənah aparılacaq yer tapılmayacaq. (Qiyamət surəsi, 6-11)
Ulduzlar sönəcəyi zaman; göy yarılacağı zaman; dağlar dağılacağı zaman; elçilərə vaxt təyin olunacağı zaman. (Mürsəlat surəsi, 8-11)
Həmin saat hökmən gələcək!.. (Taha surəsi, 15)
Səndən o saat barəsində soruşurlar ki, nə vaxt qopacaq? De: “Bu haqda bilgi ancaq Rəbbimə aiddir. (Qopacağı) vaxtı yalnız O aşkara çıxara bilər. (Bu bilgi) göylərə və yerə də ağır gəlir. O, sizə qəflətən gələcəkdir”. Sanki onu bilirmişsən kimi səndən soruşurlar. De: “Bu haqda bilgi ancaq Allah'a aiddir. Lakin insanların çoxu  bilmir”. (Əraf surəsi, 187)
O gün göy əridilmiş metal kimi olacaqdır. Dağlar da didilmiş  yun kimi olacaqdır. Dost dostunun halını xəbər almayacaq. (Məaric surəsi, 8-10)
Göy yarılıb dağ edilmiş yağ  kimi qıpqırmızı olacaqdır. (Rəhman surəsi, 37)

İncil
Amma o günlərdə, o əzab-əziyyətdən sonra Günəş qaralacaq, Ay işıq saçmayacaq, ulduzlar göydən töküləcək... (Mark, 13: 24-25)
O günü və saatı heç kim bilmir... Ehtiyatlı olun, oyaq olun, dua edin. Çünki bilmirsiniz ki, o an nə vaxt gələcək. (Mark, 13: 32-33)
Özünüzə fikir verin! Qoy ürəkləriniz acgözlük və sərxoşluqla, bu həyatın qayğıları ilə yüklənməsin. Qoy o gün bir tələ kimi üzərinizə qəflətən gəlməsin. Çünki o gün bir tələ kimi yer üzündə yaşayanların hamısının üstünə gələcək. (Luka,  21: 34-35)
...O gün göylər böyük gurultu ilə qopub töküləcək. Hər şey yanaraq məhv olacaq. Yer üzü və onun üstündəki hər şey yanıb yox olacaq... O gün göylər də od tutub yanacaq. (2 Peter,  3: 10-12)

Tövrat
Rəbbin günü yaxındır!  Günəş və ay qaralır, ulduzlar işıqlarını gizlədir... Göy və yer sarsılacaq… (Yoel,  3: 14-16)
Qarşılarında yer sarsılır, göylər lərzəyə gəlir, günəş və ay qaralır, ulduzlar işıqlarını gizlədir... Rəbbin günü möhtəşəm və çox dəhşətlidir. Buna kim tab gətirə bilər?  (Yoel,  2: 10-11)
...Rəbbin günü yaxınlaşır. O gün Külli-İxtiyarın etdiyi qırğın kimi gəlir! Buna görə hamının əlləri yanına düşəcək, hər kəs qorxub ürəyini yeyəcək. Hər kəsi dəhşət bürüyəcək, dərd və iztirab içində boğulacaq, doğan qadın kimi ağrı çəkəcək, çaşqın-çaşqın bir-birinə baxacaq, üzləri qızaracaq. Budur, Rəbbin amansız, qəzəbli və qeyzlə dolu günü yaxınlaşır ki, yeri səhraya döndərsin, oradakı günahkarları məhv etsin. Göydəki ulduzlar və bürclər işıq verməyəcək, Günəş doğarkən tutulacaq, Ay nurunu saçmayacaq. (Yeşaya,  13: 6-10)
Rəbbin möhtəşəm günü yaxınlaşır, yaxınlaşır, tez gələcək... O gün qəzəb günüdür: hər tərəfi əziyyət və məşəqqətin, viran və talanın, qaranlıq və zülmətin, qara buludların bürüdüyü gündür!.. Rəbb deyir: “İnsanlara elə bəla göndərəcəyəm ki, kor kimi hara gedəcəklərini bilməyəcəklər, çünki Mən Rəbbə qarşı günah ediblər... Rəbbin qəzəb günündə qızıl-gümüşləri onları qurtara bilməyəcək”. (Sefanya,  1: 14-18)

İnsanın imtahanı
“...Hansınızın daha yaxşı  əməl sahibi olduğunu sınamaq üçün... göyləri və yeri altı gündə yaradan Odur...” (Hud surəsi, 7) ayəsində buyurulduğu kimi, dünyanın yaradılış məqsədlərindən biri də insanların sınanmasıdır. Əslində, hər insan ömrü boyu imtahan olunur və ölümü ilə birlikdə sona çatan bu imtahandan sonra ya gözəlliklə mükafatlandırılacaq, ya da əzabla cəzalandırılacaq.
İnsanın qarşısına çıxan çətinliklərin, müsibətlərin hər biri imtahan vəsiləsidir. Çətinliklər qarşısında Allah'a güvənərək səbir edənlər Allah'ın istədiyi şəkildə davranmış olurlar. İnsanlar mal-mülk, övladlar, gözəllik, sağlamlıq kimi Allah'ın nemətləri ilə də sınanırlar. Belə vəziyyətdə insan öz eqoist istəklərini reallaşdırmaq üçün deyil, Allah’ın məmnuniyyətini qazanmaq üçün çalışmalıdır.
İnsanın inandığını və iman gətirdiyini dilə gətirməsinin kifayət etmədiyi və mütləq sınanacağı bir Quran ayəsində belə bildirilir:
İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? (Ənkəbut surəsi, 2)
Bununla belə, Quranda çətinliklər qarşısında səbir göstərənlər müjdələnirlər. Bu həqiqətə bir ayədə belə diqqət çəkilir:
Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. (Bəqərə surəsi, 155)
İncildə sınanmağın sevindirici hal olduğu və insanın kamil imanı qazanmasına səbəb olduğu belə ifadə edilir:
Ey qardaşlarım, müxtəlif sınaqlarla üzləşəndə bunu böyük bir sevinc hesab edin. Çünki bilirsiniz ki, imanınızın sınaqdan keçməsi səbir yetişdirir. Səbir də öz əməlini başa çatdırsın ki, siz yetkin və kamil insanlar olasınız, heç bir çatışmazlığınız olmasın. (Yaqub,  1: 2-4)
Siz hər insanın qarşılaşdığı sınaqdan başqa bir sınaqla qarşılaşmadınız. Allah sadiqdir və O, sizi gücünüz çatmayan şeylə sınağa çəkməz. O, sizə sınaqla yanaşı, bu vəziyyətdən çıxış yolu da göstərəcək ki, tab gətirə biləsiniz. (1 Korinflilər,  10: 13)
Sınağa səbir edən insan necə də xoşbəxtdir! Çünki sınaqdan keçdikdə Rəbbin Onu sevənlərə vəd etdiyi həyat tacını alacaq. (Yaqub:  1, 12)
Buna görə, hal-hazırda yaşadığınız müxtəlif sınaqlara görə kədərlənməyin, sevinin... (1 Peter,  1: 6)
Allah'ın insanları dünyada müxtəlif sınaqlardan keçirdiyi Tövratın bir neçə yerində belə bildirilir:
Əgər aranızdan... yuxu görən bir şəxs çıxıb sizə bir əlamət, ya da möcüzə olacağını söyləyərsə, sonra: “Tanımadığınız yad ilahların ardınca gedək və onlara sitayiş edək”, -deyərsə, bəhs etdiyi əlamət və ya möcüzə həyata keçsə də, ...yuxu görənin sözlərinə qulaq asmayın. Bilin ki, Allah'ınız Rəbb sizi sınayır, görmək istəyir, siz Allah'ınız Rəbbi bütün qəlbinizlə, bütün varlığınızla sevirsinizmi? (Qanunun təkrarı, 13: 1-3)
“Mən Rəbb, ürəyi yoxlayıram, insanın fikrini sınayıram ki, hər kəsə əməllərinə görə, işlərinin bəhrəsinə görə əvəz verim”. (Yeremya,  17: 10)
Bir müddət sonra Allah İbrahimi sınağa çəkdi. (Yaradılış,  22: 1)

Hər iş ancaq Allah'ın diləməsi ilə həyata keçir
İnsanın planlaşdırdığı işlər ancaq Allah dilədiyi zaman reallaşır. İman gətirənlər Rəbbimiz diləmədikcə heç nəyə qadir olmadıqlarını bilirlər. Rəftarlarında və söhbətlərində bu həqiqətin şüurunda olduqları açıq görünür. Allah iman gətirənlərə heç bir mövzu haqqında qəti danışmamağı, bunu ancaq Allah dilədikdə edə biləcəklərini söyləməyi bildirmişdir. Ayədə belə buyurulur:
Heç bir şey barəsində: “Mən onu sabah edəcəyəm!”– demə! Ancaq: “Əgər Allah istəsə!” (“inşaAllah”- de!) Unutduğun zaman Rəbbini yada salıb: “Ola bilsin ki, Rəbbim məni haqqa bundan daha yaxın olan bir yola yönəltsin”, – de. (Kəhf surəsi, 23-24)
İnsanın gələcəklə bağlı düşüncələrində bu həqiqəti unutmaması İncildə də bildirilir:


İndi isə siz: “Biz bu gün, yaxud sabah filan şəhərə gedib orada bir il qalacağıq və ticarətlə məşğul olub pul qazanacağıq”, - deyirsiniz, əslində, sabah nə baş verəcəyini bilmirsiniz. Axı həyatınız nədir ki? O qısa bir müddətə görünüb, sonra yox olan buxardır. Bunun əvəzinə: “Əgər Rəbb istəyərsə, sağ qalıb bu və ya digər işi görərik”, - deməlisiniz. (Yaqub,  4: 13-15)


İki sərçə bir qara pula satılmırmı? Onlardan biri belə Allah'ın izni olmadan yerə düşməz. (Matta,  10: 29)
Tövratda da belə bildirilir:

İnsanın qəlbində çox arzusu var, amma Rəbbin niyyəti həyata keçər.  (Süleymanın məsəlləri,  19: 21)

 

 

Geri