Hz. İsanın (əs) Quranda bildirilən xüsusiyyətləri

Quranda hz. İsa (əs) haqqında bir çox məlumat verilir. Hz. İsa (əs) Allah'ın hz. Məryəmə göndərdiyi Cəbrayılın müjdələməsi ilə atasız dünyaya gəlmişdir. Doğulduqdan dərhal sonra isə insanlarla danışaraq Allah'ın ilhamı ilə körpə yaşında möcüzələr göstərmişdir. Həyatı boyu da Allah'ın nümunəvi bir qulu və elçisi olmuş, insanları Rəbbimizə səmimi qul olmağa dəvət etmişdir.
Hz. İsa (əs) peyğəmbər haqqındakı Quran ayələrində bildirilən xüsusiyyətlər bunlardır:

  • Hz. İsa (əs) Allah'ın elçisi və kəlməsidir:

Ey kitab əhli! Dininizdə ifrata varmayın və Allah barəsində yalnız həqiqəti deyin. Məryəm oğlu İsa Məsih ancaq Allah'ın elçisi, Onun Məryəmə göndərdiyi (“Ol!”) kəlməsi və Onun tərəfindən (göndərilən) bir ruhdur... (Nisa surəsi, 171)

  • Ona İsa Məsih adı verilmişdir:

O zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlimə ilə müjdələyir... (Ali-İmran surəsi, 45)

  • Allah qatında seçilmiş mübarək insandır:

...O, bu dünyada və axirətdə şan-şöhrətli və (Allah'a) yaxınlaşdırılmışlardan olacaqdır. (Ali-İmran surəsi, 45)

  • Aləmlərə bir möcüzədir:

İsmətini qoruyan (Məryəmi də yada sal!) Biz Öz ruhumuzdan ona üfürdük, onu və onun oğlunu aləmlərə bir möcüzə etdik. (Ənbiya surəsi, 91)

  • Anası hz. Məryəm Allah'ın seçdiyi və aləmlərin qadınlarından üstün etdiyi insandır:

Bir zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi və seçib aləmlərin qadınlarından üstün etdi. (Ali-İmran surəsi, 42)

  • Hələ beşikdə ikən insanlarla danışmışdır:

O, (həm) beşikdə ikən, (həm də) yetkin çağında insanlarla danışacaqdır və salehlərdən olacaqdır. (Ali-İmran surəsi, 46)

  • Allah'ın izni ilə bir çox möcüzələr göstərmişdir:

(Allah onu) İsrail oğullarına bir elçi edəcəkdir. (O deyəcəkdir:) “Mən sizə Rəbbinizdən (elçi olduğumu təsdiqləyən) bir əlamət gətirdim. Mən sizin üçün palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürərəm, o da Allah'ın izni ilə quş olar. Allah'ın izni ilə anadangəlmə koru, cüzam xəstəliyinə tutulanı sağaldar və ölüləri dirildərəm. Evlərinizdə yediyiniz və saxladığınız şeyləri sizə xəbər verərəm. Əgər möminsinizsə, şübhəsiz ki, bunda sizin üçün dəlil vardır. (Ali-İmran surəsi, 49)
Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə yazmağı, hikməti, Tövratı və İncili öyrətmişdim. Sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə koru və cüzam xəstəliyinə tutulanı sağaldır və Mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarının yanına açıq-aydın dəlillərlə gəldikdə Mən onları səndən dəf etmişdim. Onlardan kafir olanlar isə demişdilər: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir”. (Maidə surəsi, 110)

  • Tövratı təsdiqləyən, yol göstərici və öyüd-nəsihət olan İncili təbliğ etmişdir: (Ancaq İncil sonradan insanlar tərəfindən təhrif edilmişdir)

Onların ardınca Məryəm oğlu İsanı özündən əvvəlki Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içərisində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiqləyən, müttəqilər üçün doğru yol göstəricisi və öyüd-nəsihət olan İncili verdik. (Maidə surəsi, 46)
Sonra onların ardınca dalbadal elçilərimizi yolladıq. Sonra Məryəm oğlu İsanı göndərib ona İncil bəxş etdik. Onun ardınca gedənlərin qəlblərinə şəfqət və mərhəmət saldıq. Rahibliyi isə onlar özlərindən icad etdilər. Biz bunu onlara vacib buyurmamışdıq. Onlar bunu Allah'ın razılığını qazanmaq üçün etdilər, lakin ona lazımınca riayət etmədilər. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə fasiqlərdir. (Hədid surəsi, 27)

  • Müqəddəs ruhla dəstəklənmişdir:

Biz Musaya kitab verdik və ondan sonra bir-birinin ardınca elçilər göndərdik. Biz Məryəm oğlu İsaya da açıq-aydın dəlillər verdik və onu müqəddəs ruhla (Cəbrail ilə) qüvvətləndirdik. Məgər hər dəfə sizə  elçi ürəyinizə yatmayan bir şey gətirəndə siz təkəbbür göstərmədinizmi? (Onların) bir qismini yalançı hesab edib, bir qismini də öldürmədinizmi? (Bəqərə surəsi, 87)
Biz o elçilərin bəzisini digərlərindən üstün etdik. Onlardan bəzisi ilə Allah danışmış, bəzisini isə dərəcələrə yüksəltmişdir. Biz Məryəm oğlu İsaya açıq-aydın dəlillər verdik və onu müqəddəs Ruh (Cəbrail) ilə qüvvətləndirdik. Əgər Allah istəsəydi, onlardan sonra gələnlər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra bir-biriləri ilə vuruşmazdılar. Lakin onlar ixtilaf etdilər. Onlardan kimisi iman gətirdi, kimisi də inkar etdi. Əgər Allah istəsəydi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah istədiyini edir. (Bəqərə surəsi, 253)

  • Həvarilər ona yardım etmişlər:

Ey iman gətirənlər! Allah'ın köməkçiləri olun. Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda kimlər mənə köməkçi olacaq?”– demiş, həvarilər də: “Bizik Allah'ın köməkçiləri!”– demişdilər. İsrail oğullarından bir zümrə iman gətirdi, digər bir zümrə isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar üstün gəldilər. (Səf surəsi, 14)

  • İsrail oğullarına nümunə edilmişdir:

O, yalnız və yalnız Bizim nemət verdiyimiz və İsrail oğullarına nümunə etdiyimiz bir quldur. (Züxruf surəsi, 59)

  • İnkarçılar onu öldürmək üçün hiylə qurmuşlar, amma Allah onların hiyləsini pozmuş, hz. İsanı (əs) Öz Qatına yüksəltmişdir:

Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır. O vaxt Allah dedi: “Ey İsa! Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracağam, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm. (Ali-İmran surəsi, 54-55)

Geri