Müsəlmanlar unutmamalıdır: Quran əxlaqı onları hər cür azğınlıqdan çəkindirir

Əvvəlki hissədə də araşdırdığımız kimi, başda Peyğəmbərimizin (səv) dövrü olmaqla, tarix boyu İslam cəmiyyətləri müsəlman olmayanlar üçün şəfqət və mərhəmətin mərkəzi olmuşdur. Keçdiyimiz 1400 illik tarix digər ölkələrdə zülm görən xristian və yəhudilərin müsəlmanların himayəsinə və mərhəmətinə sığınmalarının nümunələri ilə doludur. Bu həqiqəti unutmayaraq, sülhə ən çox ehtiyac duyulan bu dövrdə müsəlmanlar Quranda əmr edilən əxlaqı və hz. Muhəmmədin (səv) həyatını əsas götürərək bütün dünyaya nümunə olan model qurmalıdırlar.
Radikalizm üslubu Allah'ın möminlərə əmr etdiyi üsluba heç bir şəkildə uyğun gəlmir. Allah Quranda möminləri təsvir edərkən onların gözəl sözlü, müharibə və qarşıdurmadan çəkinən, əleyhlərinə olan insanlara qarşı da mülayim və dostca yaxınlaşan, təvazökar, səbirli, mərhəmətli, mehriban bir xarakteri təsvir edir. Quran ayələrinə baxdıqda mülayim və şəfqətli bir üslubun bütün peyğəmbərlərin ortaq xüsusiyyəti olduğunu görürük. Allah hz. İbrahimi (əs) “...Həqiqətən, İbrahim (Allah'a) çox yalvaran həlim bir kimsə idi” (Tövbə surəsi, 114) şəklində təsvir edir. Peyğəmbərimiz hz. Muhəmmədin (səv) əxlaqını təsvir edən bir ayə isə belədir:


Allah'ın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar... (Ali-İmran surəsi, 159)


Müsəlmanlar yalnız din əxlaqını izah etməklə məsul olduqlarına, insanları heç bir şəkildə zorla məcbur etmədiklərinə, ən zalım inkarçılara qarşı belə yumşaq söz söyləməklə məsuliyyət daşıdıqlarına görə radikal ola bilməzlər. Çünki radikalizm bu xüsusiyyətlərin əksini müdafiə və tətbiq edir.


Radikalizm İslam əxlaqına uyğun olmayan bir cərəyan və siyasi qurumdur. Radikalizm kimi təsvir edilən ictimai faktları araşdıranda onların, əslində, darvinistlər və materialistlər tərəfindən istifadə edilən üsul və ifadələrin toplusu olduğunu və ya İslamda heç bir yeri olmayan cahiliyyə təəssübünün (Fəth surəsi, 26) bir ifadəsi kimi ortaya çıxdığını görürük. Bu ideologiyaların ortaq istiqamətlərindən biri olan və radikalizmə zəmin hazırlayan romantik şiddət Allah'ın Quranda bildirdiyi əmrlərə tamamilə ziddir. Quranda müsəlmanlar qəzəbləndikləri zaman qəzəblərini boğan, ağıllı, həlim xasiyyət və mülayim insanlar kimi təsvir edilirlər. Həmişə qarşıdurmaları qarşılıqlı anlayış çərçivəsində həll etməyə və hadisələrin müsbət istiqamətlərini görməyə çalışırlar. Qarşılaşdıqları hər hadisədə sakit davranırlar. Bir ayədə müsəlmanların bu xüsusiyyəti belə bildirilir:


O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da (mallarından Allah yolunda) xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir. (Ali-İmran surəsi, 134)


Müsəlmanlar özləri kimi eyni düşüncə və inanca sahib olmayan insanlarla danışarkən və onlara İslam əxlaqını izah edərkən çox nəzakətli üslubdan istifadə etməlidirlər. Buna görə də qarşı tərəfi heç vaxt məcbur etməzlər. Müsəlmanların məsuliyyəti Allah'ın Quranda bildirdiyi əxlaqı ən gözəl şəkildə insanlara izah etmək və seçimi insanların vicdanına buraxmaqdır. Allah aşağıdakı ayədə bir müsəlmanın digər insanlara qarşı üslubunun necə olacağını açıqca bildirir:


(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl surəsi, 125)


Bu mövzuda bizə yol göstərən nümunələrdən biri də Allah'ın hz. Musa (əs) və hz. Haruna (əs) fironun yanına getməyi söyləyərkən bildirdiyi “yumşaq danışın” əmridir:


Fironun yanına gedin. Çünki o, həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun! (Taha surəsi, 43-44)


Firon öz dövrünün zülm və inkarda irəli getmiş inkarçısıdır. Allah'ı inkar edib özünü bütləşdirməsi onu azğınlığa yönəltmiş, iman gətirənlərə (dövrün İsrail oğullarına) qorxunc zülmlər vermiş və qırğınlar törətmiş bir despotdur. Buna baxmayaraq, onun yanına gedərkən Allah peyğəmbərlərinə: “Onunla yumşaq danışın”,- deyə buyurur. Diqqət yetirilsə, Allah'ın bildirdiyi üsul mülayim üslubdur. İstehzalı, qəzəbli sözlər, həyəcanlı etiraz nümayişləri Allah'ın əmr etdiyi əxlaqa və təbliğ üslubuna uyğun deyil. 

Bu səbəbdən, bütün müsəlmanlar Quran əxlaqına zidd olan hər cür kəskin, qəzəbli, qarşıdurma yaradan üslubdan tamamilə uzaqlaşmalı, onun yerinə Allah`ın Quranda təsvir etdiyi mülayim, şəfqətli, sakit və ağıllı üslubu seçməlidirlər. Müsəlmanlar mehribanlıqda, insanpərvərlikdə və təvazökarlıqda bütün dünyaya nümunə olmalı, insanları özlərinə və dolayısilə İslam əxlaqına heyran etməlidirlər. Həmçinin elm, mədəniyyət, sənət və estetikada da irəliləyib İslamı dünyada təmsil etməlidirlər.

Geri