Radikalizm təhlükəsinə qarşı birləşmək

Hansı qrupa və ya inanca aid olmasından asılı olmayaraq, radikal meyillər dünyada sülh və təhlükəsizliyi təhdid edən ünsürlərin əsas səbəbkarıdır. Radikalizm hər hansı bir mövzuda köklü və ani dəyişiklikləri müdafiə etmək və bu istiqamətdə kəskin siyasət aparmaqdır. Radikallar köklü dəyişikliklər iddiasında olan və bunun üçün sərt, kəskin, hətta bəzən təcavüzkar üslubdan istifadə edən şəxslər kimi tanınırlar. Radikalizmin diqqət çəkən bir xüsusiyyəti qəzəbli üslubdan istifadə etməsidir. Bu üslub radikalların danışıqlarında, yazılarında, nümayişlərində ortaya çıxır. Radikal hərəkatlarda şüurlu rəftarların yerini kor-koranə müdafiələr və bu istiqamətdə inkişaf edən kütlə psixologiyası tutur. Kütlə psixologiyası bəzən elə bir hala gəlir ki, nəyi nə üçün etdiyini belə bilməyən şəxslər ətrafa zərər verən təcavüzkar insanlara çevrilirlər. Sevginin, şəfqətin və anlayışın tamamilə ortadan qalxdığı belə bir mühitdə qarşı tərəfin nə düşündüyünü, nəyi müdafiə etdiyini dinləməyə və anlamağa ehtiyac belə duymadan müxtəlif ideologiyalara, müxtəlif inanclara və irqlərə qarşı düşmənçilik aparırlar.


Zərərli və dağıdıcı hərəkat olmasına baxmayaraq, radikalizmin tərəfdar toplaya bilməsinin əsasında cəhalət durur. Kifayət qədər məlumatlandırılmayan, ya da səhv və ya birtərəfli məlumatlandırılan kütlələr cərəyanların təsiri altına düşür, bu cərəyanların qarşıya qoyduğu fikirləri düşünmədən qəbul edirlər. Bu səbəbdən, radikalizmə qarşı fikri mübarizədə təhsil almaq çox vacibdir.


Hal-hazırda radikalizm xristian və yəhudi cəmiyyətlərində olduğu kimi, İslam dünyasında da mövcuddur və bu vəziyyət iki sivilizasiya arasında qarşıdurma yaratmaq istəyənlər tərəfindən sui-istifadə edilir. Radikalizmin dünya təhlükəsizliyi üçün nə qədər ciddi təhlükə olduğunu isə ABŞ-da 11 sentyabr terroru və bunun nəticəsində yaranan mühit bir daha sübut etdi. Hücumların müsəlmanlar tərəfindən reallaşdırıldığının düşünülməsi qərb dünyasının bir qismində İslam dini haqqında yanlış təəssüratlar doğurdu. Halbuki İslam əxlaqı hər cür şiddəti və təcavüzkarlığı qəti şəkildə qadağan edir. Belə ki, İslam dünyası terroristləri lənətlədi, dünyanın hər yerində müsəlmanlar terror nəticəsində dünyasını dəyişən günahsız insanlar üçün xristianlarla birlikdə dua etdi, amerikalı müsəlmanlar da zərər çəkənlərin köməyinə qaçdı. Buna baxmayaraq, bu bədxah hücumları İslama aid etmək istəyən insanların təsiri ilə Amerikada və bəzi Avropa ölkələrində müsəlmanlara qarşı ayrı-seçkilik başladı və hətta şiddətli hadisələr baş verdi. Dünyanı bir-birinə zidd olan qütblərə ayırmağı hədəf alan radikalların təlqinləri hər iki sivilizasiyanın insanları üçün  narahat mühit meydana gətirdi.


İstər qərb dünyası, istərsə də İslam dünyası radikalizmi və onun zərərlərini aradan qaldırmaq üçün müxtəlif mədəni proqramlar təşkil etməli, cəmiyyətin hər zümrəsinə çatan təhsil kampaniyaları yaratmalıdır. Bu proqramlarda cəmiyyətin müxtəlif təbəqələrinin üzərinə düşən vəzifələri isə belə sıralaya bilərik:


• Radikalizm din əxlaqına uyğun olmayan cərəyandır. Bu, həqiqətin dəlillərlə göstərilməsi, din adı altında ortaya çıxan radikalların fikrən məğlub olması üçün əhəmiyyətlidir. Hər üç İlahi dinin mənsubları səbirlə, gözəl sözlə və nəzakətlə bunu insanlara izah etməlidirlər. Rəbbimizin zülm və təcavüzkarlığı bütün inananlara haram etdiyini, günahsız insanlara zərər verən hər cür hərəkətin Allah qatında qadağan edildiyini dəlillərlə izah etməli, bu yolda olan insanların böyük səhv etdiyini onlara göstərməlidirlər. Bu iş sayəsində din adı altında ortaya çıxan, ancaq şiddət tərəfdarı olan insanların doğrunu söyləmədikləri, azğın yola uyduqları cəmiyyət tərəfindən dərhal dərk ediləcək, bu insanların özlərinə tərəfdar tapmaları mümkün olmayacaq.


• Tərəflərin bir-biri haqqında eşitdiyi və həqiqətdən uzaq məlumatlara əsaslanaraq gəldiyi qənaətlər sıxıntıya səbəb olur, bu vəziyyətdən qaynaqlanan ön mühakimələr tərəflərarası əməkdaşlığın qarşısında sədd meydana gətirir. Hər üç İlahi dinin mənsublarının bir-birinin inancını, ənənələrini, ibadətlərini daha yaxından tanıyacağı mühitin yaradılması qarşılıqlı əlaqələrin qurulmasında əhəmiyyətli addım olar. Qarşılıqlı təhsil və mədəniyyət proqramları ilə bu mühit asanlıqla yaradıla bilər. Fərqli inanca mənsub olan insanlar bir-birlərini tanıdıqca nə qədər çox ortaq xüsusiyyətlərə sahib olduqlarını görərlər, bu ortaq xüsusiyyətlər üzərində uzlaşma imkanı əldə edərlər. Həm müsəlmanlar, həm də yəhudi və xristianlar Allah'ın müqəddəs kitablarda onlara əmr etdiyi əxlaq çərçivəsində öz dünyagörüşlərini bir-birinə izah etməli, beləliklə, məlumat çatışmazlığından qaynaqlanan anlaşılmazlıqlar aradan qaldırılmalıdır.


• Mədəni işlərin müvəffəqiyyət qazanmasında medianın boynuna götürəcəyi rol böyük əhəmiyyət kəsb edir. Tərəflərarası əməkdaşlıq üçün lazımi zəmin yaradılmasında media mədəni fəaliyyətlərə dəstək verməlidir. Ayrı seçkiliyi və şiddəti qızışdıran, təxribata yol açan hərəkətlərdən çəkinməli,  şəfqəti və anlayışı təşviq edən verilişlər artırılmalıdır. Xüsusilə qərb mətbuatının bu mövzudakı verilişləri müsəlmanlara qarşı yönələn ön mühakimələrin aradan qaldırılmasında mühüm mərhələ olar. İslam dünyasındakı media isə digər dinlərə və mədəniyyətlərə qarşı nifrəti təhrik edən hərəkətlərdən və şiddəti təşviq edən üsullardan çəkinməli, İslam dünyasının mədəni və mənəvi təhsilinə üstünlük verməlidir.


• Bu işlərdə ən əhəmiyyətli məsuliyyət isə cəmiyyətlərin dindarlarının və rəhbərlərin üzərinə  düşür. Üç İlahi dinin dindarları bəzi xurafatları və batil inancları din əxlaqının bir hissəsi kimi göstərənlərə qarşı diqqətli olmalıdırlar. Hər cür xurafatın din əxlaqına uyğun olmadığı, Allah'ın inananlara həlim xasiyyətli olmağı əmr etdiyi cəmiyyətlərə bildirilməlidir. Cəmiyyətlərin xurafatlardan qorunması üçün rəhbərlər də bu hərəkatı dəstəkləməli, mülayim, yəni əsl din əxlaqına uyğun olan anlayışın hakim olması üçün lazım olan zəmini hazırlamalıdırlar.


Üç İlahi dinin mənsublarının əməkdaşlıqla görəcəyi bu və buna bənzər işlər radikalizmə zəmin hazırlayan şərtlərin ortadan qaldırılmasına vasitə olar. İnananlar digər tərəfin inanclarını və müqəddəs dəyərlərinə tamamilə etinasızlıq edən və yalnız özünü haqlı görən anlayışdan çəkinməlidirlər. Səmimi olaraq iman gətirənlər bir-birini ittiham etməyin yerinə, özlərini Allah'a daha çox yaxınlaşdıran yollar axtarmalı, səmimiyyətlərini artırmağa cəhd göstərməli, Allah'ın razılığını və rəhmətini qazanmaq üçün səy göstərməlidirlər. Bunun əksini edənlərin səhv etdiyi ayədə belə açıqlanır:


Yəhudilər: “Xaçpərəstlər heç bir şeyə əsaslanmırlar!”– deyir, xaçpərəstlər isə: “Yəhudilər heç bir şeyə əsaslanmırlar!”– deyirlər. Halbuki onlar kitab oxuyandırlar. Cahillər də onların danışdığı kimi danışırlar. Allah ixtilafa düşdükləri şey barəsində qiyamət günü onların arasında hökm verəcəkdir. (Bəqərə surəsi, 113)


Unutmaq olmaz ki, həm İslam, həm də xristian və yəhudi aləmi radikalların verdiyi zərərin aradan qaldırılması, sülhpərvər, mədəni və səmimi dindar insanların ittifaqı ilə mümkündür. Beləliklə, müharibəni və qarşıdurmanı yeganə çıxış yolu kimi göstərən, təhlükəsizliyin ancaq şiddət və güc nümayişi ilə təmin ediləcəyinə inananların təlqinləri təsirsizləşdirilər, daha çox qan, göz yaşı və maddi itkiyə səbəb olan cəhdlərin qarşısı alınar.

Radikalizmə mane olmağın başqa bir yolu da xurafatları təşviq edən cərəyanların və ideologiyaların yanlış olduğunu ortaya qoymaqdır. Kitabın sonrakı səhifələrində xristian və yəhudi dünyasında bəzi radikal hərəkatların yanlış yönlərini araşdıracağıq. Ancaq bundan əvvəl İslam dünyasının da radikalizmə qarşı son dərəcə diqqətli olmasını bir daha xatırlatmalıyıq.

Geri