Kitab əhlinin İslam hakimiyyəti altında yaşadığı rahat həyat

Xristianlar və yəhudilər müsəlmanların idarəçiliyi altında azad və təhlükəsiz yaşamış və bu cür sevgi və mərhəməti digər dinlərin mənsublarından görməmişlər. Miladdan sonrakı ilk əsrdə yəhudilər xristianlara qarşı təzyiq göstərərkən, sonrakı əsrlərdə güclənən xristianlar da yəhudilərə və hətta fərqli məzhəblərdən olan xristianlara qarşı təzyiq göstərmişlər. Xüsusilə orta əsrlərdə genişlənən bu təzyiq bir çox yəhudi və müxtəlif məzhəbdən olan xristianların müsəlmanların himayəsinə sığınmasına səbəb olmuşdur. İslamiyyətin ilk dövrlərində bizanslıların Misir və digər bölgələrdəki yaqubi xristianlarına, səlib yürüşlərində katoliklərin Qüdsdə, onun ətrafında yaşayan yəhudi və ortodokslara, Avropada xristianların yəhudilərə, İspaniyada xristianların müsəlman və yəhudilərə qarşı tətbiq etdiyi təzyiq və şiddət siyasətinə İslam torpaqlarında heç vaxt rast gəlinməmişdir.


Bu şəfqətli münasibətin əhəmiyyətli nümunələrindən biri, şübhəsiz ki, Osmanlı imperiyasıdır. Antalya Patriarxı Makariosun ortodokslara zülm edən polşalı katolikləri Osmanlı idarəçiliyi ilə müqayisə etməsi diqqətəlayiqdir:


O imansızlar tərəfindən öldürülən minlərlə insan, qadın, qız və kişilər üçün ağladıq. Lehlilər ortodoks adını bütün dünyada ləğv etmək istəyirlər. Allah türklərin dövlətini əbədi etsin. Çünki türklər vergi alandan sonra xristian və yəhudilərin dinlərinə toxunmurlar.
İspan zülmündən qaçan yəhudilər də axtardıqları rahatlıq və təhlükəsizliyi yalnız Osmanlı torpaqlarında tapdılar. İspaniyadan sürgün edilən və müxtəlif ölkələrə sığınan yəhudilər bu torpaqlarda böyük çətinliklərlə qarşılaşdılar. Onların bir çoxu şəhərlərə girməyə icazə verilmədiyi üçün aclıq və susuzluqdan öldülər. Genuyalıların gəmilərində səfər edənlər isə gəmidə işləyənlər tərəfindən ya zülmə məruz qaldılar, ya da əsir kimi dəniz quldurlarına satıldılar. İmperiyanın sərhədlərini yəhudilərə açan Sultan Bəyazid isə bütün əyalətlərə yəhudilərə lazım olan şəfqət və diqqətin göstərilməsi üçün fərman göndərdi. Fərmanda İspan yəhudiləri tam səmimiyyətlə qarşılanmalıdırlar. İmmiqrantlarla pis rəftar və ya kiçik bir zərər ölümlə cəzalandırılacaq...” kimi bildirilirdi. Dindarlığı ilə tarixə düşən Sultan Bəyazidin bu qonaqpərvərliyi və şəfqəti, şübhəsiz, Quran əxlaqına olan bağlılığından irəli gəlirdi.


Kitab əhlinin İslam idarəçiliyində rahat şəkildə yaşamalarının başqa nümunəsi də Əndəlüsdəki Əməvi dövlətidir. Bu dövlətdə o dövrün avropasında misli görünməmiş yüksək mədəniyyət qurulmuşdur. Fərqli dinlərin mənsublarına göstərilən anlayış isə bu mədəniyyətin əsas xüsusiyyətlərindən biri olmuşdur. Xristian hücumları nəticəsində əsrlərlə kiçilən Əndəlüsün son parçası olan Qranadada yaşayan yəhudilər üçün tarixi qaynaqlarda yer alan “Yəhudilərin Qranadadakı möhtəşəm həyatlarını görməyənlər mədəniyyətin nə olduğunu bilmirlər” ifadəsi diqqət çəkir. O dövrdə Qranada yəhudilər üçün dünyanın ən təhlükəsiz torpağı idi.


İslam idarəsi altında əhalisi hüzur və rahatlıq tapan torpaqlardan biri də Fələstindir. Fələstində yaşayan yəhudi və xristianlar İslamın hakimiyyəti dövrlərində inanc azadlığına sahib olmuş, müsəlmanların rəhbərliyi altında rahat və təhlükəsizlik şəraitində yaşamış, azad ticarətlə məşğul olmuşlar. Nəticədə, Osmanlı imperiyasında təxminən 500 əsrlik sülh və təhlükəsizlik təmin edilmiş, Osmanlının qurduğu nizamı yenidən qurmaq mümkün olmamışdır. Osmanlının Qüds və digər ərazilərə verdiyi azadlıq İsrailin əvvəlki Xarici İşlər Naziri Abba Eban tərəfindən belə ifadə edilir:


Romalılardan və hər istilaçıdan yalnız zülm, qan və işgəncə görən Qüds və yəhudi xalqı ancaq və ancaq Yavuz Sultan Səlimin Qüdsü fəth etməsindən və bu fəthin Sultan Süleyman Qanuni tərəfindən gücləndirilməsindən sonra insan kimi yaşamağın, bərabərliyin nə demək olduğunu və rahatlığının dadının nə olduğunu öyrəndi.


Yalnız Fələstində deyil, bütün İslam dünyasında müsəlmanlar, yəhudilər və xristianlar əsrlər boyu eyni şəhərlərdə, hətta eyni məhəllələrdə bir yerdə rahat və təhlükəsiz şəraitdə yaşamışlar. Kitab əhli müsəlmanların rəhbərliyi altında olan bölgələrdə istədikləri kimi ticarətlə məşğul olub mal sahibi olmuş, müxtəlif peşə qruplarına daxil olmuş, hətta sarayda da işləmişlər. Fikir və düşüncə azadlığından maksimum faydalanmış, elm və mədəniyyət həyatlarının bir hissəsinə çevrilmiş və günümüzə qədər gəlib çatan əsərlər yaratmışlar. İctimai hüquqlarını tapdalayan heç bir təzyiqlə qarşılaşmadıqları kimi, inanc və ibadət azadlığından da istədikləri kimi faydalanmışlar. Məsələn, Abbasi sarayında işləyən xristian həkim ailələrinin rahat şəkildə İncil oxuması, ibadətlərini yerinə yetirməsi tarixi qaynaqlarda öz əksini tapmışdır.


İslam dünyasında elmə və alimlərə verilən dəyər xristian və yəhudi alimlərinin də şəxsən xəlifələr tərəfindən qorunmasını təmin etmişdir. İslam torpaqlarında fərqli dinlərdən olan alimlər dövlət idarəçiləri tərəfindən təşkil edilən yığıncaqlarda bir yerə toplanır, elmi söhbətlər təşkil edilirdi. Xristian və yəhudi həkimlər müsəlman həmkarları ilə fikirlərini bölüşür, dövrün bir çox əhəmiyyətli tibbi əsəri xəlifənin, ya da dövlət başçısının  hüzurunda müzakirə olunurdu.


İslam idarəçiliyi altında kitab əhlinin canlı, mədəni həyatı var idi. Müsəlman dövlət adamları fəth edilən torpaqlardakı mədəni işləri qoruyur və onları İslam imperiyasının paytaxtı olan Bağdada gətirirdilər. Xristianlar və yəhudilər də onlar əsasında hazırladıqları əsərlərini və öz dini inanclarını xalqlarına öyrətmək üçün hazırladıqları işləri çoxaldıb paylaya bilirdilər. Müsəlmanların elmi və fikir azadlığını dəstəklədikləri bir dövrdə xristianlığın mərkəzi olan Avropada isə inkvizisiya məhkəmələri insanları düşüncə və inanclarına görə diri-diri yandıraraq edam edirdi.
Yəhudi və xristianların məhkəmələrində ədalət anlayışı müsəlman liderlərin ədalət prinsipinə uyğun olsa da, müraciətlər, əsasən, İslam məhkəmələrinə edilirdi. Bir dövrdə İslam məhkəmələrinə müraciət edən xristianların sayındakı artıma görə Nəsturi patriarxı Timasav xristianları xəbərdar edən bəyannamə vermişdi.

İslam tarixində görünən bənzərsiz mərhəmət və ədalət anlayışının əsası, əlbəttə ki, Quran əxlaqıdır. Quran əxlaqını tətbiq edən müsəlmanların idarəçiliyindəki torpaqlarda həmişə  təhlükəsizlik, ədalət və sülh hakim olmuşdur. Xalqın xoşbəxtliyini və rifahını əsas götürən bu rəhbərlər özlərindən sonrakı nəslə nümunə olan bir sistem qurmuşlar. Hal-hazırda da mərhəməti, şəfqəti, ədaləti, anlayışı, təvazökarlığı, səbri, fədakarlığı əmr edən əsl Quran əxlaqının İslam dünyasında yayılması ilə həm müsəlmanların, həm də qeyri-müsəlmanların rahatlıq və təhlükəsizliyə qovuşacaqları  nizamın qurulması mümkün olacaq.

Geri